Xəbər verdiyimiz kimi, dünyanın ən böyük sosial şəbəkəsi "Facebook" 13 yaşdan kiçik uşaqlar üçün "Messenger Kids" adlı tətbiqetməsini istifadəyə verib. Sosial şəbəkə nəhəngi bu addımı uşaqların təhlükəsiz mühitdə, öz həmyaşıdları ilə virtual əlaqələr qurması üçün atdığını bildirib. Bəs uşaqları real ünsiyyətdən ayırıb, virtual əlaqəyə cəlb etmək onların psixologiyasına necə təsir göstərə bilər.
 
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan Müasir Psixologiya Mərkəzinin rəhbəri, tanınmış psixoloq Aida Nəbiyeva sosial şəbəkə nəhənginin bu addımının sadəcə onların biznes maraqlarına xidmət etdiyini, uşaqların erkən yaşdan sosial şəbəkələrə cəlb edilməsinin onların sosial-emosional sferasına ciddi zədə vura biləcəyini söyləyib:

"Qeyd edim ki, uşaqların innovativ vasitələrlə bu cür sıx əlaqədə olmaları onların inkişafına, emosional durumuna və sinir sisteminə çox mənfi təsir göstərir. Məsələ burasındadır ki, sosial şəbəkələr yeniliklərlə dolu olduğu üçün uşaqlar çox zaman buna meyl edirlər. Elə uşaqlar var ki, valideylərinin adları ilə daxil olurlar. Ümumiyyətlə sosial şəbəkədən çox istifadə etmək sosial-emosional sferalarda ciddi problemlərə yol açır. Nəzərə alsaq ki, uşaqlar sosial-emosianal baxımdan hələ tam formalaşmayıblar, bu səbəbdən də sosial şəbəkələr onların bu sferasına ciddi zədələnmələr verə bilər. Virtual ünsiyyət daha cəlbedici, daha rahat, daha komfortlu olduğundan, yəni bunun üçün heç yerə getməyə, heç bir emosiyaya ehtiyac olmadığından uşaqlar onu daha çox sevəcəklər. Uşaqların bu tip monoton ünsiyyətə sürüklənməsi, düşünürəm ki, gələcəkdə onlarda ünsiyyət çətinliyi, sosial adaptasiya kimi problemlərin yaranmasına gətirib çıxara bilər.

Təbii ki, valideyn nəzarətində istifadəyə icazə verilər bilər, lakin birbaşa sosial şəbəkə istifadəçisinə çevrilməsi uşaqların inkişafı üçün təhlükəlidir. Sosial şəbəkələrin bu addımı təbii ki, biznes məqsədlərinə xidmət edir. Onlar istəyirlər ki, istifadəçi sayı artsın. Amma qeyd edim ki, həmin o "kids" bölümündə olan uşaqların arasına başqa bir adla yaşlı bir insan da sıza, yaxud hansısa bir valideynin parolu sındırıla bilər. Cəmiyyətdə pedofillərin sayının da gün-gündən artmasınını nəzərə alsaq, bu həqiqət real təhlükədən xəbər verir. Həmçinin uşaqlar burada təbii ki, özləri, valideynləri, ailə vəziyyətləri ilə bağlı məlumatları da yayacaqlar ki, bu da onların həm özləri, həm də ailə üzvləri üçün ciddi təhlükəyə çevrilə bilər.

Biz burada uşaqların erkən konfliktləri, erkən sosial problemləri, erkən uşaq nevrozları ilə qarşılaşa bilərik. Əgər bu sosial şəbəkələr böyüklərə bir təsir edirdisə, uşaqlara beş qat artıq təsir göstərəcək. Məncə bu, çox ciddi bir problemdir və valideynlər bu sahədə uşaqlarına ciddi nəzarət etməlidirlər. Hətta elə uşaqlar var ki, onlar ümumiyyətlə sosial şəbəkələrdən uzaq tutulmalıdır".
 
Çingiz Səfərli