Ekonomiks 12:47 30.04.2015

Valyuta bazarının yaxın gözləntiləri - Natiq Cəfərli yazır

REAL Hərəkatının icra katibi, iqtisadi ekspert Natiq Cəfərli yazır.

Valyuta bazarının yaxın gözləntiləri

Bu gün Rusiya Mərkəzi bankının növbəti toplantısıdır, axşam verdikləri qərarlar açıqlanacaq. Çox güman, Rusiya Mərkəzi Bankı uçot-faiz dərəcəsini aşağı salacaq, bu günə Bankın uçot dərəcəsi 14%-dir, bu yüksək rəqəmdir, ona görə də, Rusiyada kreditlər xeyli bahalaşıb, biznesin kredit resurslarına çıxış imkanları məhdudlaşıb. Rusiya Mərkəzi Bankı rubl kəskin ucuzlaşan zaman məcburən faiz dərəcəsini bir gündə 17%-ə qədər qaldırdı ki, rublun dəyərsizləşməsinin qarşısını alsın, bu isə kreditləri bahalaşdırdı.

İndi Rusiya hökuməti də, biznes çevrələr də Mərkəzi Banka təzyiq edir ki, uçot dərəcəsini, ən azı 12%-ə salsın. Çox güman, bu gün Bank belə bir qərar verəcək, bu isə rus rublunun kəskin ucuzlaşmasına gətirib çıxaracaq, Rusiya hökuməti rublun dollara qarşı 55-60 arasında olmağında maraqlıdır. Ona görə də, kimin indi əlində rubl varsa, axşama qədər dollara dəyişsə, daha yaxşı olar.

Dünyada əsas izlənilən valyuta məzənnəsi dollar-avro nisbətidir. Son 1 həftədə dollar avro qarşısında xeyli zəiflədi, bunun əsas səbəbi isə ABŞ Federal Rezerv Sisteminin (FED, onların Mərkəzi Bankı) uçot-faiz dərəcəsinin qaldırılmasını ertələməsi oldu, dünən FED toplantısı oldu, dəqiq bilinən odur ki, 2015-də faiz dərəcəsi artacaq, amma ola bilər ki, bu iyunda deyil, sentyabrda baş versin, bu isə dolları bahalaşdırdı. Amma avronun daha ağır bir dərdi var – Yunanıstan! Yunaıstanın avrozonadan çıxma ehtimalı xeyli yüksəlib, Afina 12 maya qədər ciddi qərar verməlidir: ya AB-nin təklif etdiyi şərtlərlə müqavilələri imzalamalı, ya da özünü bankrot elan etməlidir. 12 maya qədər Afina 750 mln. avro borc qaltarmalıdır ki, onların da buna imkanı yoxdur. Yəni, Çipras hökuməti AB paketini imzalasa seçicilərini, səsləri itirəcək, imzalamasa Yunanıstan bankrot elan olunacaq, bu da avronun kəskin ucuzlaşmasına səbəb olacaq. Yunanların 330 mlrd. avro ümumi borcları var, Afinanın avrozonadan çıxması və bankrotluğunun elanı avronun 15-20% dəyər itirməsi ilə nəticələnə bilər. Yəni, yaxın zamanlarda dolların avro qarşısında yeni yüksəliş trendini izləyə bilərik, əslində bu AB ölkələrinə sərf edir: ucuz avro = daha çox ixrac formulu işləyəcək. Maraqli bir detal: Ən böyük totalizator şirkəti olan William Hill şirkəti aprelin 23-dən sonra Yunasıstanın Avrozonadan çıxmasına qoyulan stavkaları artıq qəbul etmir, çünki bu o qədər realdır ki, stavka qoyanların sayı kəskin artıb, William Hill uduzacağından çəkinərək stavkaları dayandırıb.

Bir-iki kəlmə manat haqqında da demək istəyirəm. Bizdə iqtisadiyyat yoxdur, iqtisadi qanunlar işləmir, hər şey inzibati qərarlarla tənzimlənir deyə, manata yeganə təsir edən amil neftin qiymətidir. Son 2 həftədə müvəqqəti də olsa neftin qiymətinin 65 dollar civarında sabitləşməsi manatı uzun zaman 1.05 ətrafında saxlamağa yetərli deyil, manat rahat nəfəs alması üçün neftin qiyməti ən azı 85-90 dollar olmalıdır ki, bu da mümkünsüzdür. Neft bazarı indi İranın bazara daxil olmasına hazırlaşır, ona görə də, oyunçular bazarda İran faktoruna qədər spekulyasiyalarla neft fyuçerlərində para qazanırlar. Amma dollar bahalaşanda, İran bazara daxil olanda, artıq spekulyasiyalar da qiymətə təsir etməyəcək. 2015-ci ilin ortalama qiyməti 55-58 dollar arasında olacaq ki, bu da manata ciddi təzyiq edəcək və manatın yumşaq devalvasiyası davamlı olacaq.

Qaynar.info