Ramil Süleymanov
Hüquqşünas

Əslində bu yazını yazmaya da bilərdim. Çünki mənimlə Vəkillər Kollegiyası arasında olan və hal-hazırda da davam edən gərginlikdən dolayı qərəzli olmaqda ittiham edəcəklər. Amma bu artıq vecimə də deyil. Çünki atalar yaxşı deyib, "Namərd öz namərdliyindən əl çəkmirsə, sən öz mərdliyindən niyə çəkiləsən”?!

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (məncə bu qurumun adının qarşısından artıq Azərbaycan Respublikası sözlərini götürmək lazımdır) 07 dekabr 2017-ci ildə konfrans keçirərək özünə yeni sədr "seçdi”. Çox maraqlı məqamlardan biri də odur ki, bu sədr seçilən kimi dərhal davranış paketi qoydu ortaya və dedi ki, təklif edirəm bunu da qəbul edək. Vəkillər də fərqinə vardı-varmadı əllərini qaldırdılar havaya. Amma fərqinə varmadılar ki, bu,  gələcəkdə onların baş ağrısına çevriləcək sənəd imiş. Bu adam hardan bilirdi ki, seçiləcək və ona görə də hazırlıqlı gəlmişdi? Bu adam özünə niyə bu qədər arxayın idi ki, onun sənədi belə atəşli şəkildə qəbul ediləcək, hamı lehinə səs verəcək?! Amma "iş işdən keçəndən sonra tuman bağını bərkitməyin nə mənası?” deyimi də lap yerinə düşür bu məqamda. 

Vəkillərin bundan sonra ya tamam susmaq, ya qurumun hər addımını tərifləmək, hər şəklinə yekə bir LİKE qoymaq və boş-boş AZTV sayağı tərifləmək, ya da öz prinsipial mövqeyində durmaqla heç nəyə fikir vermədən vicdanlı vəkilliyini eləmək yolları qalırdı. Ölkə əhalisinin xarakterinə uyğun olaraq böyük əksəriyyət tamam susdu və "başını aşağı saldı....” ,  səxsində yatan və illərdir yaltaqlıq vulkanını çölə çıxara bilməyən bir qrup vəkillər məddahlığa başladılar, digər bir qrup isə acınacaqlı şəraitə baxmayaraq, yenə də ləyaqətli adını, simasını qorumaq uğrunda çalışmağa davam etdilər.

07 dekabr 2017-ci il tarixdə baş titan Vəkillər Kollegiyasına sədr seçimlərində, səmimi deyim, mən də məmnun idim ki, gənclər gəlir, yeni nəfəs, yeni ruh görəcəyik! 

Amma...

... 14 fevral 2018-ci ildə Bakı şəhərində Hilton Oteldə "Azərbaycanda Ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” layihəsinin təqdimatı zamanı ölkənin nüfuzlu hüquqşünasları, vəkilləri, o cümlədən, Avropa Şurasının Bakı Ofisinin nümayəndələri və Böyük Britaniyadan olan qocaman vəkil Sayman Outul da iştirak edirdi. Bu şəxs bütün çıxışı boyu ədliyyə islahatlarının aparılmasına ilkin olaraq siyasi iradənin olması zərurətini qeyd edərək, bu islahatların məhkəmə sistemi və vəkillik institutunun təkmilləşdirilməsi, asılılığın ləğvindən başlanılmasını önərirdi. Amma söz kollegiyanın sədri Anar Bağırova veriləndə britaniyalı vəkil mədəni şok keçirtdi. İlk olaraq çıxışını müsbət notlarda quran Anar Bağırov sonradan "biz kollegiya olaraq filan şeyləri etməyən vəkilləri, filan olan vəkilləri cəzalandıracağıq və lazım gələrsə, onları Vəkillər Kollegiyasından xaric edəcəyik” deməsindən dərhal sonra mən britaniyalı vəkilə baxdım. Tərcümənin 2-3 saniyə gec olunması intervalı ilə götürəndə Anar Bağırovun bu sözlərindən sonra britaniyalı vəkil eynəyini burnunun üzərinə sürüşdürərək irəli əyildi və başını sağa çevirib bu şəxsin həqiqətən də kollegiya sədri olub-olmamasını dəqiqləşdirmək istəyirdi. Kollegiya sədrinin üzündən oxuduğu mətnin demək olar ki, yarıdan çoxu "baltalamağa” həsr olunmuşdu. 
Acınacaqlı səhnə idi. 

Sonradan həmin britaniyalı vəkil yenidən öz çıxışında islahatların aparılması labüdlüyündən danışdı və maksimum dərəcədə bu tip rejimlərdə vəkillərin bir-birinə dayaq olmalı olduğunu çatdırmağa çalışdı. Həmin vaxt "Yalçın İmanov faciəsi”ndən elə də çox vaxt keçməmişdi. Amma artıq hiss etməyə başlamışdım ki, bu faciələrin davamı gələcək. İlkin sürpriz aprel ayının 24-də gəldi. Belə ki, adları daha çox siyasi işlərdə çəkilən 3 vəkilin – Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyevin fəaliyyəti müəyyən müddətə dayandırıldı. Amma bunun fonunda müsahibələr, foto şəkillər və bir də 22 fevral tarixli sərəncamın uzun-uzadı tərifləri mediada, VK-nın internet saytında və facebook səhifəsində yerləşdirilməkdə idi. Bununla yanaşı müstəqil, ictimai aktiv və mübarizliyi ilə seçilən, düzü-düz, əyrini-əyri deməyi bacaran vəkilliyə namizəd hüquqşünaslar ard-arda şifahi müsahibədən kəsilməkdə idilər. Bunlar Ramil Süleymanov (ictimai fəal), Ruslan Mustafayev (Əsabəli Mustafayevin oğlu), Tural Hacıbəyli (Ənnağı Hacıbəylinin oğlu), Rövşanə Rəhimli (ictimai fəal), Asiman Nəsirli (ictimai fəal), Emin Abbasov (ictimai fəal) və Səməd Rəhimlidirlər (ictimai fəal).  Kollegiya birmənalı şəkildə sərbəst fikirli, mübariz, təmiz əqidəli (bu, kollegiyada belə adamların olmaması kimi anlaşılmamalıdır), onlara "baş ağrısı yaradacaq” yeni üzvləri öz sıralarında görmək istəmədi və çox qorxaqcasına onların imtahandan "keçmədiyini”, əslində isə keçirilmədiyini əsas gətirərək bu gənclərin Vəkillər Kollegiyasına girişini bağladı. Əvəzində isə həmin şəxslər barəsində troll-vəkillər vasitəsi ilə əsassız, boş, zəvzək statuslar, məlumatlar və yaltaqlıqla dolu yazılar yayımlamağa başladı. Real məsələ isə kölgələndi. 

Amma Rəyasət Heyətinin 11 iyun tarixli iclasında vəkillər yenidən mantiya əvəzinə "önlük” geyindilər. Və "qulluqçu”luğa başladılar. Bu dəfə hədəf Yalçın İmanov çıxarılan zaman rəyasət heyətinin tərkibində olan vəkil xanım İradə Cavadova idi. Rəyasət heyətinin indiki üzvlərindən 3 nəfəri həmin dövrdə də rəyasət heyətinin üzvü idi. Görünür İradə Cavadovanın həmin iclasda bu cənablara vurduğu "sillə” o qədər tərs və yandırıcı olmuşdur ki, acısı, ağrısı və kini indiyədək davam edirmiş. Əlbəttə ki, ilkin revanş xanım vəkilin keçən ilin dekabrndakı heyətə seçilməsini əngəlləmək, növbəti revanş isə onu vəkillikdən xaric etmək olmalı idi. Belə də oldu: biri Qazan xanın qapağını ağzına tutdu, birinin başı 22 fevral sərəncamının araşdırılması və 6 manatın şəninə orta əsr klassiklərindən qəzəllər axtarmağa qarışdı, biri də aldı sivri qılıncını, döyüş meydanında "ərənlik” edib qopuz çala-çala İradə xanımın üzvlüyünə xitam verilməsi barədə sənədlərin məhkəməyə göndəriləcəyini bildirdi. Bir xanım bu qədərmi qorxulu imiş? Və ya Vəkillər Kollegiyası bu qədərmi kiçilməli idi?!
 
İndi sözüm Vəkillər Kollegiyasının üzvlərinədir! Düşünürsünüzsə ki, bu gün vəkil həmkarlarınızın faciəsi sizdən yan keçəcək, xeyr, xanımlar və cənablar! Bir gün başınızı qaldıracaqsınız ki, sizin də vəsiqəniz əldən getdi! Ona görə də indiki halda, ya toplu olaraq sədrinizə müraciət edib bu repressiyaya son qoymalısınız, ya da mantiyalarınızı Vəkillər Kollegiyasının qarşısına atmalısınız! Ya da toplu olaraq statuslara LİKE-lar, ÜRƏK-lər qoymaqla bu kələfin bir ucunun da sizə dəyəcəyi anı gözləməlisiniz! Əminəm ki, birinciyə CƏSARƏTİNİZ yoxdur. O zaman oturun sonuncunu gözləyin.