Ekonomiks 14:58 13.05.2015

Vergi hücumu 2 qardaşı “düşmən” edib, yoxsa… – 20 milyonluq “razborka”

Bu günlərdə mətbuatda “Bizim market”lər şəbəkəsinin ortaqlarından birinin 3 mağazasını bağladığı haqda məlumat yayıldı. Məlumatı həm tədarükçü firmalar, həm də işçilər təsdiqləyib. Belə ki, mağazadan tədarükçülərə zəng edərək bildiriblər ki, gəlib mallarınızı götürün. Səbəbi kimi isə mağazaların bağlanacağı deyilib.

İşçilər də deyiblər ki, artıq onların çoxunu işdən çıxarıblar və marketin bağlanacağı bildirilib. Buna görə də, mağazalarda vitrinlər boşaldılib, yerdə qalan məhsullar isə endirimlə satılşa çıxarılıb.

Məlumatda bağlanılan mağazaların yerləşdiyi ünvanlar da qeyd olunub: 1.Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi. 2. Yeni Yasamal rayonu, Kənar dairəvi yolu. 3. Nəsimi rayonu, Rəşid Behbudov küçəsi (supermarketinq.com).

Sahibkar özü isə cəmi bir ilə yaxın fəaliyyət göstərdikdən sonra mağazaların bağlanmasını devalvasiya və bazar dalğalanmasına tab gətirməməsi ilə izah edib.

Bəzi məlumatlarda isə supermarketlərin bağlanması “Bizim market”lər şəbəkəsinin sahibi olan 2 qardaş arasında yaranan mübahisə ilə bağlanıb. Bu mübahisə nəticəsində qardaşlardan birinin şirkətdə olan payını götürərək ayrıca fəaliyyət göstərməyə başladığı da yayılan məlumatlar arasındadır. Ancaq bu mübahisənin səbəbi göstərilmir.

“AzPolitika.info”nun mötəbər mənbələrdən əldə etdiyi məlumatlar isə mağazaların bağlanması, qardaşların biznesini ayırmasının başqa ciddi səbəbləri olduğunu söyləməyə əsas verir.

İlk növbədə qeyd edək ki, müxtəlif ünvanlarda yerləşən “Bizim market”lər şəbəkəsinə aid 3 mağazanın eyni vaxtda bağlanmasını devalvasiya və ya bazar dalğalanması ilə izah etmək ciddi görünmür. Çünki bu mağazalar pərakəndə satışla məşğul olduğundan, devalvasiyanın birbaşa təsirinə məruz qalmırlar. Topdansatış mərkəzlərindən aldıqları malın üzərinə öz faizlərini qoyub satırlar. Bu mağazalar əsasən ərzaq satışı ilə məşğul olduğundan, bağlanmanı alverin kəsilməsi, dövriyyənin azalması ilə də izah etmək çətindir. Ərzaq mağazaları devalvasiyadan əvvəl nə qazanırdılarsa, beş aşağı-beş yuxarı, indi də onu qazanırlar.

Dəyişən sadəcə, alınan aylıq və ya illik verginin miqdarıdır. Xüsusən də iri biznes subyektləri, o cümlədən ticarət mərkəzləri, şəbəkələri və mağazaları bu il verginin ağır yükünü çiyinlərində hiss edirlər. İllah da ki, uzun illər yüksək vəzifəli şəxslərin himayəsinə sığınaraq vergidən yayınanlar… Onlardan illər uzunu vermədikləri vergi də tələb edildiyindən, bəziləri ya biznesdən çəkildiklərini bəyan edir, ya da obyektlərinin qapılarını bağlayırlar.

Elə saytımıza verilən bilgiyə görə, “Bizim market”lər şəbəkəsinə aid mağazaların bağlanmasının səbəbi də gözlənilməz vergi hücumu ilə qarşılaşmalarıdır. Belə ki, neftin qiymətinin düşməsi ilə bağlı büdcədə yaranması qaçılmaz olan kəsiri doldurmaq üçün xüsusi səlahiyyətlər verilən Vergilər Nazirliyinin əməkdaşları bir müddət əvvəl “Bizim market”lər şəbəkəsinin də qapısını döyüb. Ancaq bu dəfə şəbəkənin sahibi olan məşhur iş admı Rasim Salmanovun vergi kimi dövlətə ödəməyə ayırdığı vəsaiti alıb çıxmayıblar. Oturub yoxlayıblar, ciddi araşdırma aparıblar. Yoxlamalar nəticəsində şəbəkənin uzun illər ərzində külli miqdarda vergidən yayındığı aşkarlanıb.

Şəbəkənin mağazalarının sayını, onların ehtimal olunan illik dövriyyəsini (əsl dövriyyə adətən gizlədilir-müəl.) və ötən illər ərzində vergidən gizlətdiklərini araşdırıb, büdcəyə ödəməli olduğu məbləği söyələyiblər – 20 MİLYON MANAT!

Məbləğ kifayət qədər böyük olsa da, şəbəkənin yüksək rütbəli himayədarının dəstəyi ilə illər uzunu vergidən yayındırdığı məbləğə adekvat olduğu iddia edilir. Artıq xüsusi səlahiyyətlər verilən Vergilər Nazirliyi heç bir xahişi nəzərə almadığından və heç kimə güzəşt etmədiyindən şəbəkənin himayədarı da (onun kimliyi ilə bağlı müəyyən məlumatlar var, lakin bu məlumatları dəqiqləşdirmək çətindir-red.) bu dəfə hansısa şəkildə məsələyə müdaxilə edə bilməyib.

Belə bir zamanda “Bizim market”lər şəbəkəsinin sahibi olan qardaşların arasında qalmaqalın yarandığı, onların öz bizneslərini ayırdığı, hətta bağlanılan mağazaların heç birinin marketlər şəbəkəsinə daxil olmadığına dair məlumatların yayılmasını da təsadüfi saymaq çətindir. Burda 2 ehtimal var.

Birincisi odur ki, qardaşlar arasında qazanılmış pulların haqq-hesabının gedilməsi zamanı və ya başqa səbəblərdən mübahisə yaranıb, bizneslərini həqiqətən ayırıblar. Yəni, qardaşlar arasında qalmaqal təzə baş verib və buna səbəb verginin gözlənilməz hücumu olub.

İkincisi isə odur ki, şəbəkəyə daxil olan mağazaların sayını, dövriyyənin miqyasını azaltmaq və beləliklə, verginin tələb etdiyi məbləğin böyük oluğunu göstərmək üçün qəsdən qardaşların çoxdan ayrıldığına dair məlumatlar yaydırılır. Ancaq maraqlıdır, əgər qardaşlar öz bizneslərini çoxdan ayırmışdılarsa, bu məlumat indi niyə ortaya çıxır? Digər tərəfdən, bağlanılan mağazalar iddia edildiyi kimi “Bizim Market”lər şəbəkəsinə daxil deyildisə, niyə bu ad altında fəaliyyət göstərirdi? Və ən əsası, niyə bu mağazaların məhz verginin “Bizim Market”lər şəbəkəsinin ödəyəcəyi “haqqı” müəyyən etdikdən sonra bağlanması qərarı alındı?

Bu sualların cavabını “Bizim Market”lər şəbəkəsinin sahibi olan qardaşların ixtiyarına buraxaraq, başqa bir faktı da oxucuların nəzərinə çatdırmaq istərdik.

Qeyd edək ki, “Bizim Market”lər şəbəkəsinin sahibi olan qardaşlardan biri – Rasim Salmanov həm də Babək prospektində yerləşən və “maşın bazarı” kimi tanınan “Bakı Avtonəqliyyat-2″ ASC-nin əsas səhmdarı kimi tanınır. Hər halda ASC-nin səhmlərinin 98.7 faizi onun adınadır.

Maraqlıdır ki, Rasim Salmanov gözlənilmədən mayın 7-də “Bakı Avtonəqliyyat-2″ ASC-nin səhmdarlarının ümumi iclasını cağıraraq, 2014-cü ilin maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatını təqdim edib, ardınca da müəssisənin fəaliyyətini dayandıracağını bəyan edib. Bildirib, ki, “Bakı “Avtonəqliyyat-2″ ASC-nin (maşın bazarının yerləşdiyi ) 4.5 ha torpaq sahəsi dövlət tərəfindən hərracda başqa bir şəxsə satılıb: “Torpaq başqa bir şəxsindir, nə mən sahibiyəm, nə də siz. “Bakı Avtonəqliyyat-2″nin 4.5 ha torpağı başqa bir şəxsə məxsusdur. Amma siz də, mən də burdakı əmlakın sahibiyik. Mən 98.7 faizin sahibiyəm, siz də 1.3 faizin. Bu söz-söhbətləri qurtarmaq üçün belə qərara gəldik ki, sizə ayrıca bir yolu olan, Babək prospektindən gəlib çıxa biləcəyiniz bir əmlak verək... Biz Əmlak Komitəsinə müraciət edəcəyik. Onlar gəlib ayırıb sizə verəcəklər. Sonra “Bakı Avtonəqliyyat-2″ fəaliyyətini dayandıracaq, iclaslarımız da olmayacaq… Onda siz biləcəksiniz ki, əmlakınız nədir və nəyin yiyəsisiz. İndi oturmusuz qızılın üstündə, deyirsiz ki, buranın hamısı mənimdir. Elə deyil.”

Rasim Salmanov 2001-ci ildən özəlləşən ASC-ni niyə indi bölmək və ardınca da fəaliyyətini dayandırmaq qərarı aldığını açıqlamasa da, bunun da vergi hücumu ilə bağlı olduğu istisa deyil. Mümkündür ki, vergi təkcə “Bizim Market”lər şəbəkəsinə görə deyil, ümumi biznes obyektlərindən əldə etdiyi gəliri hesablayaraq, Salmanov qardaşlarından büdcəyə 20 milyon ödəməyi tələb edib.

Yeri gəlmişkən qeyd edək ki, “Bakı Avtonəqliyyat-2″ ASC-nin 2014-cü il maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı və səhmdarlarının fikirləri ilə tanış olduqda, verginin insafsızlıq etdiyini demək mümkün deyil.

Belə ki, mayın 7-dəki iclasda Salmanovun mühasibi tərəfindən minoritarlara təqdim olunan sənəddə ötən il maşın bazarının gəlirinin 21 920 manat, xərcinin isə 38992 manat olduğu, təsərrüfatın ili 17072 manat zərərlə başa vurduğu göstərilib. Əvvəlki illərdə də oxşar hesabatlar təqdim olunub. Səhmdarların dediklərinə görə, 2001-ci ildən özəlləşən müəssisədən 14 il ərzində 1 qəpik də divident götürməyiblər.

Maşın bazarının ərazisindəki mağazaların neçəyə icarəyə verildiyini, burdan yığılan gündəlik və aylıq haqqları nəzərə aldıqda, büdcədən və səhmdarlardan milyonların gizlədildiyi ortaya çıxır. Məsələn , “Bizim Yol” qəzetinin ASC-nin ümumi iclasında iştiralk edən əməkdaşının yazdığına görə, səhmdarlardan Vidadi Məmmədov bildirib ki, dükan sahiblərindən 30-40 kv.m. yer üçün ayda 3 min manat icarə haqqı alınır: “Burada il ərzində milyonlarla pul qazanılır və mənimsənilir. Dövlətə, səhmdarlara ziyan vurulur, Allaha xoş getməyən işlər görülür…”

Bazarda işləyənlər də bu məlumatı təsdiqləyib, hətta ötən ilin ortalarından Rasim Salmanovun gözlənilmədən yer haqlarını 150-350 manat arasında qaldırdığını iddia ediblər.

Görünür vergi əməkdaşları da rəsmi hesabatlarla deyil, bu məlumatlar əsasında hesablamalar apararaq Salmanov qardaşlarının üzərinə büdcəyə 20 milyon ödəmək öhdəliyi qoyublar.

Ancaq son dövrlər Salmanov qardaşlarına məxsus biznes obyektlərində baş verənlər onların bu öhdəlikdən qaçmağa çalışdığını ehtimal etməyə əsas verir. Bir tərəfdən “Bizim Market”lər şəbəkəsinə aid mağazaların bağlanması, qardaşların ayrılması xəbərinin yayılmas, digər tərəfdən “Bakı Avtonəqliyyat-2″ ASC-nin təcili yığıncağının çağırılaraq fəaiyyətini dayandırmaq qərarının açıqlanması, hər halda belə düşünməyə əsas verir. Bu onun biznes obyektlərini başqalarının adlarına keçirməyə çalışması görüntüsünü yaradır…

Ancaq əgər belədirsə, bunun bir faydası olacağı ehtimalı çox azdır. Çünki vergi orqanları kimin nəyi və nə qədər ödəmək imkanına malik olduğunu bildikləri kimi, qoyduqları “haqqı” almağı da bacarırılar. Təsadüfi deyil ki, manatın devalvasiyasından sonra ölkədə işgüzar mühit xeyli dərəcədə pisləşsə də, coxlu sayda biznes qurumları fəaliyyətini dayandırsa da, ticarət zəifləsə də, vergi yığımı əvvəlki illərlə müqayisədə xeyli artıb. Birinci rübdə vergilərin yığılması ilə bağlı proqnozlara artıqlaması ilə əməl edilib. Belə ki, 2015-ci ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 600 milyon 752,0 min manat vəsait daxil olmuş, proqnoz tapşırığına 103,0 faiz əməl edilmişdir. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının məbləği 1 milyard 55 milyon 742,0 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının ümumi daxilolmada xüsusi çəkisi 66 faiz təşkil etmişdir.

Vergilər Nazirliyinin xətti ilə daxilolmaların proqnozu 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 6,7%, 2014-cü ilin proqnozu ilə müqayisədə 0.1% çoxdur. Qeyri-neft sektoru üzrə isə artım 2014-cü ilin proqnozu ilə müqayisədə 11.9% çoxdur. Qeyri-neft sektoru üzrə hüquqi şəxslərin mənfəət vergisi 1061.0 mln manat proqnozlaşdırılır ki, bu, 2014-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11.7% çoxdur.

Bir daha xatırladaq ki, bu nəticələr ölkədə işgüzar mühitin zəiflədiyi bir zamanda əldə olunmuşdur. Belə bir nəticənin əldə olunmasında isə sözsüz ki, Vergilər Nazirliyinə və nazir Fazil Məmmədova verilən xüsusi səlahiyyətlərin, heç kimə güzəşt etmədən inzibati metodlarla vergi yığımını həyata keçirmək tapşırığının ciddi rolu olmuşdur. Xüsusilə oliqarxlar-nazirlərin, yüksək vəzifəli məmurlarn və deputatların biznes obyektlərinə giriş imkanının əldə olunması, onlarla keçmiş illərin də haqq-hesabının çəkilməsi vergi proqnozlarının artıqlaması ilə yerinə yetirilməsinə gətirib çıxarmışdır. Şübhə yoxdur ki, nazirlik bu istiqamətdə fəaliyyətini ilin sonuna qədər davam etdirəcək. Çünki Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 112 milyon.manatın daxil olması proqnozlaşdırılır ki, bunun da 4 milyard 812 milyon manatı qeyri-neft sektorunun payına düşür.

Neftin qiymətinin düşməsi ilə bağlı neft sektorundan daxil olması proqnozlaşdırılan 2 milyard 300 milyon manatın müəyyən hissəsi kəsir qalacaq. Bu kəsirin isə qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlardan, daha dəqiqi iri biznesi olan iş adamlarından və oliqarxlardan yığılan “haqq” hesabına doldurulacağını gözləmək olar. Ona görə kiməsə qoyulan haqqı verməmək kimi bir özəllik, yəqin ki, tanınmayacaq!

Qaynar.info