"Demokratiyanı Öyrənmə" İctimai Birliyi yerli vətəndaş cəmiyyəti təşkilatları üçün seçkilərdə iştirak bacarıqlarının artırılması üzrə  təlimləri başa vurub. 29-31 yanvar 2018-ci il tarixlərində Bakıda 20-yə yaxın QHT təmsilçisinin iştirakı ilə keçirilmiş tədbir İctimai Birliyin Avropa Komissiyasının dəstəyilə icra etdiyi "Azərbaycanda azad və ədalətli seçkilər üçün vətəndaş iştirakçılığı” adlı layihə çərçivəsində baş tutub.

Ölkənin 10 regionundan cəlb edilmiş yerli VC fəalları seçicilərin maarifləndirilməsi proqramlarının xüsusiyyətləri, Azərbaycanın seçki qanunvericiliyi, seçici fəallığının artırılması üzrə müsbət təcrübələr və s. məsələlərlə bağlı bilik və bacarıqlarını artırıblar.  

Seçkilər, vətəndaş iştirakçılığının artırılması sahələrində çalışan ekspertlər tərəfindən seçki qanunvericiliyi üzrə təklif edilən dəyişiklik tövsiyyələri və onların icra vəziyyəti, seçki prosesinin ayrı-ayrı iştirakçıları – xüsusilə seçicilər, seçki komissiyaları, müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı təqdimatlar edilib.

Təlim sessiyalarında seçkilərin demokratiyada rolu və vətəndaşların seçkilərdə iştirakının əhəmiyyəti kimi məsələlər xüsusilə diqqət mərkəzində saxlanılıb. Hədəf qrupların seçkilər mövzusunda həssaslığının artırılması və onların gələcək seçkilərdə iştirak aktivliyini artırmaq üçün zəruri olan bilik, bacarıq və təcrübələrlə, həmçinin onların çatdırılması üsulları ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, ölkənin 10 regionunu  əhatə edən layihənin əsas hədəf qrupları seçki məsələləri ilə bağlı informasiya, bacarıq və məsləhətlərə ehtiyacı olan sosial kəsimlər, xüsusilə gənclər, qadınlar, fiziki qüsurlu şəxslər və s. qruplardır.

Təlim iştirakçıları həm də  layihə çərçivəsində hazırlanacaq regional seçki iştirakçılığı ilə bağlı strateji baxış sənədi ilə tanış edilib. Onlar bu təlimdə əldə etdikləri bilikləri digər hədəf qruplarına ötürməklə həmin strategiyaların həyata keçirilməsinə də öz töhfələrini verəcəklər. Bu məqsədlə regionlarda seminarlar, kiçik qrup müzakirələri, yarışlar, maarifləndirici materialların paylanması, sosial şəbəkə fəaliyyətləri və s. kimi üsullardan istifadə edilməsi nəzərdə tutulur.