Yaxın Şərq ölkələri üzrə analitik Vüqar Zifəroğlunun "Qaynarinfo"ya müsahibəsi: 
 
- İsrail tarixin ən böyük hava hücumu təlimini reallaşdırılıb. Xarici mətbuatda İsrailin Livana hücuma hazırlaşdığı bildirilir. Sizcə İsrail Hizbullah bazalarını ələ keçirmək istəyir?

- Əslində İsrailin Livana hücum edəcəyi ilə bağlı xəbərlər yeni deyil. Lakin bildiyiniz kimi, Tel-Aviv aktiv şəkildə Livanda baş verənləri izləyir və Livanla sərhədəri yaxınlığında da lokal əməliyyatlar həyata keçirir. İsrail Livanın "Hizbullah”ın nüfuz dairəsi altında olmasını öz milli və dövlət maraqlarına təhdid kimi dəfələrlə bəyan edib. Bu mənada sərhəd məntəqələrində müəyyən hərbi əməliyyatların keçirilməsi və ya nöqtə hava zərbələrinin endirilməsi real olsa da, İsrailin Livana birbaşa hərbi müdaxilə edəcəyini düşünmürəm. Zatən son zamanlar Səudiyyə Ərəbistanında baş verənlər fonunda Livan baş nazirin istefası və açıqlamaları, ardınca da Birləşmiş Ərəb Əmirlikliklərinə səfər etməsi, əslində İranla münasibətlərin umma daxilində aydınlaşdırılacağı anlamını ifadə edir. İsrail isə bu zaman, təbii ki, öz tərəfini bəlli edəcək.
 
- Səudiyyəyə səfəri zamanı baş nazirlik postundan istefa verən Saad Haririnin sonradan dövlət başçısı kimi ölkəyə qaytarılmasının da Qərbin planları arasında olduğu iddia edilir.

- Mümkündür. Həriri Livanın ənənəvi sünni ərəb icmasının təmsilçisidir və əslində onun bu açıqlamaları Yaxın Şərqdə yeni nüfuz savaşının başlamasının göstəricisidir. Vurğulamaq istərdim ki, Həriri həm də Səudiyyə Ərəbistanı vətəndaşıdır. İstər açıqlama verdiyi məkan, istərsə də açıqlamadan sonra üz tutduğu ölkənin ünvanı, əslində çox şeyi ifadə edir.

- Bundan başqa 4 ölkə Livana səfər etməmələri barəsində vətəndaşlarına müraciət ediblər. Bu dəfə Qərbin hədəfində Livandırmı? 

- Təbiidir. Ən azından ona görə ki, Yəməndə olduğu kimi, Livanda da yeni vətəndaş qarşıdurması başlaya bilər. Və əfsuslar ki, bu qarşıdurma məzhəbsəl faktorla pərdələnmiş nüfuz savaşı olacaq. 

- Səudiyyədə taxt oyunları gedir. Vəliəhd Məhəmməd ibn Salman hakimiyyəti ələ keçirib bütün ərəb dünyasına liderlik etmək niyyətindədir. Onun hakimiyyəti Yaxın Şərq üçün nə vəd edir?

- Əslində Səudiyyə Ərəbistanında baş verən prosesləri daxili "yenilənmə” kimi də qəbul etmək olar. Səudlar bu yenilənməyə getməyə məcbur idilər, çünki bölgədə baş verənlər sadəcə fərqli çıxış yolu qoymurdu. Dəyişikliyin əsası isə hələ iyun ayında qoyulmuşdu. Həmin vaxt Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz əl-Səud şahzadə Məhəmməd ibn Naifi vəliəhdlikdən uzaqlaşdırdı və yerinə 31 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin etdi. Vəliəhdin dəyişməsi Səudiyyə Ərəbistanının regionda baş verən proseslərə daha çevik və hətta sərt münasibət göstərəcəyinin əlaməti kimi qiymətləndirilə bilər. Məhəmməd ibn Salman İrana qarşı daha sərt mövqeyi ilə seçilən bir vəliəhddir. Qətər böhranının davam etdiyi və Səudiyyə Ərəbistanı ilə İranın münasibətlərinin daha kəskin şəkil aldığı bir vaxtda vəliəhdin dəyişməsi sıradan bir hadisə deyildi. Yəni bunu yalnız ailədaxili rəqabət kimi qiymətləndirmək olmazdı. Bu həm də İslam ummasının içində ciddi siyasi və ideoloji gücü və dayaqları olan bir ölkənin xarici siyasətinin dəyişəcəyi ilə bağlı ciddi mesaj idi. Bu ilk növbədə İrana münasibətdə özünü göstərəcəkdi. Belə də oldu. Hazırda Səudların daxilində baş verənləri belə xarakterizə etmək olar: Səudiyyə Ərəbistanında ənənəvi idarəetmə sistemi tamamən sırada çıxarılır. Şahzadə ailədəki siyasi rəqiblərini sürətlə zərərsizləşdirərək, icraedici hakimiyyəti ələ keçirir və öz sistemini formalaşdırır. Şübhəsiz ki, bu zaman amerikalıların baş verən dəyişiklikləri tam dəstəkləməsi də vurğulanmalıdır.

- Öncə Yəmənin Səudiyyəyə ballistik raket atdığı bildirildi, daha sonra ABŞ və Səudiyyə rəhbərləri açıqlamalarında ballistik raketin əslində İrandan atıldığını vurğuladılar. 

- Tamamilə düzdür. Ümmumiyyətlə diqqət etdinizsə, proseslər ard-arda baş verdi. Şübhəsiz ki, daxildə gedən bu dəyişiklikər istər-istəməz öz xarici təsirlərini də göstərmiş olur. Diqqət edin: Səudların daxilində korrupsiya həbslərinə paralel olaraq İranın dəstəklədiyi Husilər Yəməndən Səudlara ballastik raket "yollayırlar”. Və bütün bunlar isə Livanın baş naziri Saad Haririnin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda istefa verdiyini açıqlaması, İranın bölgədəki siyasətini və Livandakı "Hizbullah" hərəkatını ciddi tənqid etməsi, rəsmi Tehranı ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham etməsi fonunda baş verir. Və ən maraqlısı bütün bunlardan sonra, livanlı eks-baş nazir, Qətər böhranından bu yana Yaxın Şərqin az qala "boz kardinalı” funksiyasını yerinə yetirməkdə olan Birləşmiş Ərəb Əmirliklərinə yola düşür. Bu həmin BƏƏ-dir ki, Qətər böhranında da bütün ipləri öz əlində cəmləşdirmişdi və Amerikanın ərəb dünyasında faktiki olaraq ciddi strateji müttəfiqi hesab edilir.
- Hazırda Yaxın Şərqdə baş verən proseslərdən yola çıxsaq, Səudiyyə ABŞ-ın İrana qarşı növbəti müttəfiqi, yoxsa qurbanıdır? 

- Son ərəb hadisələri – istər Qətər böhranı, istərsə də Səudlarda yaşananlar regionda yeni siyasi dövrün başlanğıcının göstəriciləridir. Bölgədə mövqelərini gücləndirməyə müvəffəq olmuş İran və eləcə də son manevrləri ilə üstünlüklər əldə etmiş Türkiyəyə alternativ və eləcə də İslam sivilizasiyasında ənənəvi umma rəqabətində ərəb dünyası tərəfindən birmənalı dəstəklənməsi gözlənilən Səudlar yenilənmiş şəkildə meydana çıxmaqdadırlar. Bu həm "şiə inqilabı”nın ixracatçısı olan İrana qarşı ənənəvi sünni camiənin dəstəkləyəcəyi qüvvə olmalıdır, həm də neo-osmançılıq vurğusana üstünlük verən rəsmi Ankaraya qarşı neo-Xilafət ənənəsini ortaya qoyacaq peyğəmbər əmanətinin "qoruyucuları” kimi özünü təsdiq edə bilməlidir. Təbii ki, Qərbə də yönəlik mesaj var: mülayim islam.

- Yaxın Şərqin xəritəsi yenidən şəkilləndirilə bilərmi?

- Əgər bu sualı verdiyiniz zaman sərhədlərin dəyişəcəyini nəzərdə tutursunuzsa, xeyr. Çünki region ölkələri sərhədləri dəyişdirmək uğrunda deyil, nüfuz dairələrini genişləndirmək uğrunda ciddi mübarizəyə başlayıblar. Hazırda Yəməndə və Livanda baş verənlər də bunun ən bariz göstəriciləridir. Bu gün Yaxın Şərqdə məzhəbsəl faktorla pərdələnmiş ciddi nüfuz savaşı başlamaqdadır. Məzhəbsəl münaqişə əslində çox təhlükəlidir. Təəsüf ki, bu oyunun ssenariləri Yaxın Şərq kənarında yazılsa da, icraçıları həmişəki kimi eynidir.  

Çingiz Səfərli
Qaynarinfo.Az