Ölkə 14:10 14.07.2017

Vüqar Zifəroğlu: "Jurnalistika fakültəsi ekstremal jurnalistlər yetişdirəcək" (MÜSAHİBƏ)

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin yeni dekanı Vüqar Zifəroğlunun "Qaynarinfo"ya müsahibəsi:

- Səhv etmirəmsə Jurnalistika fakültəsi tarixində ən gənc dekansınız. Oxuduğunuz fakültənin dekanı olmaq necə bir hissdir? Bu fakültəyə vaxtilə Azərbaycanın tanınmış jurnalistləri rəhbərlik ediblər. Bu sizdə kompleks yaratmır?

- Təbii ki, kompleks yaratmır. Lakin məsuliyyət hissini artırır. Jurnalistika fakültəsi ənənəsi olan, zəngin mənəvi irsə malik bir fakültədir. Burada çalışan hər müəllim istər davranışı, istər elmi ilə bu irsin layiqli daşıyıcısı olmaq üçün səmimi olaraq çalışır. Nəsir İmanquliyev, Nurəddin Babayev, Famil Mehdi kimi nəhənglərin, ustad qələm sahiblərinin məktəb qoyub getdikləri,  Şirməmməd Hüseynov kimi müasir Azərbaycan jurnalistikasının canlı korifeyinin professoru olduğu bir fakültədə dekan olmaq, mənim üçün həm ikiqat məsuliyyət, həm də şərəfdir. 


MİNİMAL KEÇİD BALI MƏHDUDİYYƏTİ TƏTBİQ EDİLMƏLİDİR

- Uzun illərdir ki, jurnalistika fakültəsində müəllim kimi də fəaliyyət göstərirsiniz. Əvvəllər 500-600 bal yığan tələbələr bu fakültəyə qəbul olurdusa, qabiliyyət imtahanının tətbiq edilməsindən sonra demək olar ki, qəbul balları yarıbayarı aşağı düşüb. Ümumiyyətlə bu metod effekt verirmi? Əvvəlki tələbələrlə indiki tələbələr arasında nə kimi fərqlər müşahidə olunur? 11-ci sinifi yenicə bitirən, 300 balı güclə toplayan şagirdin inşa yazı qabiliyyəti nə dərəcədə yüksək ola bilər?

- Əslində ciddi məqama toxunursunuz. Və haqsız da deyilsiniz. Amma icazənizlə mən bu məsələyə həm də bir az fərqli yöndən diqqət çəkmək istərdim. Məsələn, 3 il bundan əvvələ qədər jurnalistikaya qəbul olunanların əksəriyyəti hüquqa balı çatmayanlar idi. Onlar peşəyə maraq göstərmirdilər və biz nə qədər çalışsaq da, əksəriyyəti sadəcə ali təhsili başa vurmaq və diplom almaq həvəsinə dərslərdə iştirak edirdilər. Yəni onların praktik jurnalistikaya gəlmək kimi bir hədəfləri olmurdu. Bu il artıq 4 il olacaq ki, bakalavr pilləsinə qəbul iki turda həyata keçirilir və ikinci tur xüsusi qabiliyyət imtahanıdır. Yəni jurnalistikaya marağı olanlar 3-cü qrupa qəbul üzrə ümumi test imtahanından sonra Dövlət İmtahan Mərkəzinin saytında təqdim edilən xüsusi elektron ərizəni doldururlar və ikinci tur - esse, yazı müsabiqəsində iştirak edirlər. Yəni marağı olanlar müsabiqəyə qatılırlar, artıq balı çatmayanlar kodlaşma ilə avtomatik olaraq düşmürlər. Müsabiqədən müsbət nəticə alanlar jurnalistika ixtisasına qəbul olunurlar. Yazıya qoyulan tələb burada orta məktəb səviyyəsindədir və əslində kifayət qədər maraqlı yazı qabiliyyəti, düşüncə tərzi olan uşaqlara rast gəlmək olur. Bal məsələsinə gəldikdə isə razıyam. Məncə minimal keçid balı məhdudiyyəti də tətbiq edilməlidir. 


- Məzunlarınızın işlə təmin olunması hansı səviyyədədir, jurnalistika fakültəsi müasir tələblərə cavab verən kadrlar yetişdirə bilirmi?

- Yetişdirir. Sayt rəhbərləri şəxsən mənə əvvəllər də dəfələrlə müraciət edərək tələbələrimizlə maraqlanıblar. Bu müraciətlər bizim bir çox müəllimlərimizə edilir. Biz maksimum dərəcədə onların işlə təmin olunmasına çalışırıq. Amma şübhəsiz ki, daha çox iş görməliyik. Jurnalistika statik deyil, dinamik peşədir və daim yenilənir. Maksimum çalışmalıyıq ki, bu dinamika, yeniliklər tədrisdə də tətbiq edilsin və bundan tələbələrimiz faydalansın. Təbii ki, bununla əlaqədar olaraq müxtəlif layihələrə start veriləcək. Biz onları müasir media işçisi olaraq hazırlamalıyıq ki, ciddi rəqabət şəraitində onlar özlərinə layiqli yer tuta bilsinlər. Bilirsiniz, bu gün mediadan gözləntilər çoxdur. Bu gözləntilərə cavab verəcək, peşəkar jurnalistlərin hazırlanmasına öz qatqımızı saxlamalıyıq. Bunun üçün nə lazımdırsa, əvvəllərdə edilib, yenə də ediləcək. Jurnalistika praktik vərdişləri sevən bir peşədir. Praktikadan gələn və indi də praktik jurnalist fəaliyyəti ilə məşğul olan biri kimi, bunu da xüsusilə vurğulamağı özümə borc bilirəm.

- Sosial şəbəkə hesabınızda növbəti tədris ilindən fakültədə yeni layihələr olacağından söz açmışdınız. Layihələr hansı istiqamətdə aparılacaq və bununla bağlı konkret ideyalarınız varmı?

- Təbii ki, var. Həm öz təkliflərimiz var, həm də son dərəcə maraqlı təkliflər almışıq. Düzdür, hələ tam təfsilatına varmaq istəməzdim, çünki bunların hər birinin üzərində hələ işlənməli, müzakirələr aparılmalıdır. Lakin bir şeyi əminliklə deyə bilərəm ki, tələbələrimiz üçün daha maraqlı, praktik və aktiv ortam yaradılacaq. 


EKSTREMAL JURNALİSTİKA FƏNNİ TƏDRİS EDİLƏCƏK

- Azərbaycan münaqişə vəziyyətdədir, regionda qeyri-stabillik hökm sürür. Ekstremal jurnalistika ilə bağlı tədris istiqaməti nəzərdə tutulurmu?

- Bəli, tədris planı dəyişdirildiyində ekstremal jurnaliatika fənninin seçmə fənn olaraq tədrisi nəzərdə tutulur. Ümumiyyətlə yalnız ekstremal jurnalistika deyil, informasiya müharibəsi, informasiya təhlükəsizliyinin tədrisi ilə bağlı da müəyyən işlər görüləcək. Tədris planında dəyişiklik edilənə qədər isə tələbələrimiz üçün ekspertlərin də iştirakı ilə dəyirmi masalar, seminarlar və görüşlər təşkil ediləcək və bu tədbirlərdə əsas mövzular da məhz sözügedən problemlər olacaq.  

- Jurnalistikanı bitirənlər həm iqtisadiyyatdan, həm siyasətdən, həm tibb sahəsindən və s. mövzularda yazırlar. Xaricdə belə bir ənənə var ki, başqa ixtisas üzrə təhsil alan tələbələrə 5-6 aylıq kurs keçirilir və daha sonra onlar öz sahələri üzrə peşəkar kadra çevrilirlər. Bizdə ixtisaslaşma hansı səviyyədədir?

- Maraqlı sualdır. Belə bir praktikanın tətbiqi də müsbət qiymətləndirilməlidir. Bir şərtlə ki, bu kurslar peşəkarlar tərəfindən aparılsın. Bizdə artıq səhv etmirəmsə 4 ildir ki, magistratura ixtisaslarımıza qəbul prosesində bütün qrup və ixtisalar üzrə bakalavrı bitirmiş tələbələr iştirak edə bilirlər. Müxtəlif ixtisaslara sahib magistrlərimiz var. Onların bir çoxu təhsillərini başa vurduqdan sonra jurnaist fəaliyyəti ilə məşğul olmaqdadırlar. Bundan əlavə, qeyd etdiyiniz kimi öz ixtisası üzrə jurnalist fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün müxtəlif kurslar, treninqlər də təşkil etmək olar. Məsələn, müraciət olarsa biz – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi olaraq bunu edə bilərik. Bunun üçün bizim həm kadr potensialımız, həm də yetərli texniki bazamız artıq var.

Çingiz SƏFƏRLİ
Qaynarinfo.Az