Ölkə 14:38 10.06.2014

Xanımlar üçün - KÖŞƏ

"Görürsən ki, burada kişilər müzakirə edir. Sən niyə burnunu soxursan?"

"Qadın məsələsi deyil bu. Get işinlə məşğul ol".

"Bildin bilmədin niyə danışırsan? Get yeməyivi bişir də."

Bu və ya buna bənzər fikirləri ifadə edən sözləri çoxumuz eçitmişik. Evdə, hansısa mərasimdə, ictima yerdə (Bu bir az mübahisəlidir. Qadınlar ictimai yerdə adətən özləri də danışmamaq hüququnun olduğunu anlayır(?)) və bu kimi yerlərdə iki kişinin etdiyi müzakirəyə qadın müdaxilə etmək istəyəndə çox vaxt bu cavabları eşidir. Çox sadə bir misal çəkim. Məsələn, evdə kişi qaynı ilə, qardaşı ilə hansısa işi müzakirə edir, ortaq məxrəc tapa bilmirlər. Birdən mətbəxdən qadın çıxır və müzakirə ilə bağlı nəsə fikir səsləndirir. O fikir doğru olsa da, reflektiv və ya düşüncə olaraq həmin an qadına verilən cavab yuxarıdakı sözlərdən biridir. Bəli, indiki Azərbcanda orta statistik qadın hansısa ciddi biznes layihəsinə, siyasi müzakirəyə qoşulub, ona şərh vermək gücündə və ya məntiqində deyil. Məntiqində deyil deyəndə səbəb hansısa kişi qadın genetik fərqində deyil. Təbii ki, məntiqin cinsi olmur, səbəb onun təhsildən uzaq saxlanması, uşaq vaxtında ona öyrədilən tərbiyədə qadının yerinin mətbəxdir düşüncəsinin yürüdülməsidir. Bu gün bir çox hallarda qadının hansısa məsələyə verdiyi şərh yanlışdırsa, bunun günahkarı patriarxal düşüncə ilə doğulanda bəri ona edilən təzyiqlərdir.

Bizlər heç bir zaman qadına seçim, təhsil, davranış azadlığı tanımamışıq. Qadın danışmamalıdır, fikir bildirməməlidir, oxumamalıdır, məktəbə getməməlidir. Bunu biz istəmişik. Harda ağızlarını açsalar deyirlər ki, "Necə yeni qadının hüquqlarını pozuruq. Biz qadına şərqdə ilk seçmək imkanı verən insanlarıq". Əvvələ sən kimsən ki, qadına seçim hüququ verəsən, yəni sənin ondan nəyin üstündür? Niyə bu hüququ ona sən verməlisən? İkincisi o verdiyin hüquqla qadının seçmək imkanı oldumu heç? 21 iyul 1919-cu ildə ADR-nın Təsis iclası bərabər, birbaşa və gizli səsvermə əsasında iclasa demokratik seçki prosedurunu müəyyən etmiş "Azərbaycan Respublikasının Təsis iclasına seçkilər haqqında Nizamnamə" qəbul etdi. "Nizamnamə" ilk dəfə olaraq qadına kişi ilə bərabər seçki hüquqları verirdi. Lakin yeni dövlətin vətəndaşı olan qadınlar ADR-nin süqütu və Azərbaycanda Sovet hakimiyyətinin qurulması üzündən bu hüquqdan istifadə edə bilmədilər. Yəni, qadına səs vermə hüququnun kişidə olmaması bir yana, o hüquq verilsə də, qadın bundan istifadə edə bilməyib. Ona görə də, qadına seçim azadlığı vermişik deyə bağırmayaq.

Bəlkə də çoxlarınız müşahidə etməmisiz, ancaq bilirsizmi Azərbaycanda rayonlarda, ailəsinin təzyiqindən bezib Bakıya qaçan ali təhsilli qızların sayı nə qədərdir? Şəxsən mən 5-6 belə xanım tanıyıram. Bakıya gəldikdən sonra nə yüngül həyat yaşamağa başlayıblar, nə də hansısa pritonda "ofisiant" işləyiblər. Adamlar sadəcə gəlib burada normal karyera qurmaq istəyiblər və bunu edirlər. Azərbaycan ailəsi isə qızlarının bu hüquqlarını belə onlara tanımayıb. Öz doğma qızları onlar üçün həmişə yük olub. "Ərə gedərsən, ərin icazə verər işləyərsən". Qızların 90 faizi bunu eşidib yəqin. İşləmək olmaz. İşləsən, karyera qursan, magistatura oxusan 24-25 yaşın olacaq. Kim alar onda səni? Bəli, qızı tezliklə ərə vermək lazımdır. Nə qədər tezdir, ərə verək getsin. Bir zibili çıxmadan getsin evdən. Bu qədər iyrəncdir mənzərə. Öz qızına yük kimi baxan insanlar ölkəsində yaşayırıq. Hətta valideynlər tanıyıram, qızlarını alan olsun deyə, elan verirlər ki, oğlana maşın, ev alarıq. Bunu anlayın artıq, cənnət anaların ayağı altında ifadəsini deməkləri deyil, siz onlar üçün artıqsız. Əgər tezliklə sizi "alan" olmasa siz onlar üçün üz qarasından başqa bir şey deyilsiz. Onlar sizə belə yanaşır. 24-25 yaşınız var və ailə həyatı qurmamısızsa, demək nəsə pis bir cəhətəniz var. Bu belə olmasa belə, qonşu bu cür düşünür və qonşunun fikri qız övladına olan sevgidən daha üstündür bu ölkədə.

Ümumiyyətlə "qız almaq"dan başlayır bütün problem. Adi söz kimi gəlməsin sizə. Almaq - satın almaq, sahiblənmək, nəyəsə görə təhvil almaq. Bu söz çox dəhşətlidir. Normalda bazardan kartof alarlar, soğan alarlar, ev alarlar, maşın alarlar və ona sahiblənərlər. Təsəvvür edin, bu ölkədə qoyunu da alırlar, qızı da alırlar. Sonra da biz qadınlara şərqdə ilk seçim azadlığı verib öyünürlər.

P.S. Bakıya döndükdən sonra bəzi tanışlar dedi ki, yazıları çox sadə dildə yazırsan, elmi - fəlsəfi yük qatmırsan yazıya. Bunu edə bilərsən, amma niyə etmirsən anlamırıq. Səbəb budur. Problemlər yuxarıda sadaladığım qədər çılpaq və sadədir. Bunu izah etmək üçün hansısa filosofdan sitat gətirmək çoxmu vacibdir? (Meydan.tv)