Ekonomiks 22:33 03.08.2018

Xarici şirkətlər Azərbaycandan niyə gedir?

Azərbaycanda fəaliyyət göstərən 3 xarici şirkət ofislərini bağladıqlarını elan edib.

"Avqustun 1-də 100% xarici kapital ilə 2 şirkət də bağlandığı barədə kreditorları məlumatlandırıb", - deyə hüquqi şəxslərin qeydiyyatı üzrə rəsmi mətbuat bildirib. Bunlar Britaniyanın "Sparrows Offshore Services Limited" və "Rhopoint Metrology Limited" servis şirkətləridir. Birinci şirkət Azərbaycanda 2004-cü ildən fəaliyyət göstərir, ikincisi isə 2016-cı ilin oktyabrında ofis açıb.

Bəs, görəsən Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər niyə ölkəmizi tərk edirlər? 

İqtisadçı-ekspert Pərviz Heydərov cebhe.info-ya açıqlamasında bildirib ki, bu hal yeni deyil. Onun sözlərinə görə, bu artıq adət halını aləb və dünyada gedən iqtisadi proseslərlə əlaqəlidir: 

"Xarici şirkətlərin Azərbaycan bazarını tərk etməsi 2-3 il öncədən başlayıb. Ötən müddət ərzində də ara-sıra bu hallar müşahidə edilməkdədir. Yəni, bir növ bu müəyyən mənada davamlı proses xarakteri alıb. Bunun əsas səbəbini heç də Azərbaycanın daxili iqtisadi və yaxud da qeyri əlverişli şərait kimi amillərlə izah etmək olmaz. Çünki bu kimi hallar digər ölkələrdə də müşahidə edilməkdədir. Yəni Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin hamısında bu cür şirkətlərin, həmin ölkələrdən bazarlarından geri çəkilməyi və sair halları müşahidə edilməkdədir. Bu proses əsasən dünya iqtisadiyyatında gedən ümumi proseslərlə və vəziyyətlə əlaqələndirilməlidir". 

Əslində bu şirkətlərin bir çoxunun faktiki olaraq ciddi fəaliyyətlə məşğul olmadıqlarını deyən P.Heydərov vurğulayıb ki, Azərbaycanda da bağlanaraq ölkəmizi tərk edənlər bu xarakterli şirkətlərdir: 

"Yəni, o qəbildən olan şirkətlər hazırda çoxdur. Bu da yuxarıda qeyd etdiyim kimi dünyada gedən proseslərdən irəli gəlir. Çünki 2014-cü ildən sonra dünya iqtisadiyyatına yanaşma, sərmayə qoyuluşları və sair əsaslar kimi bir sıra amillər tamamilə yeni qəbilə salınıb. Dünya iqtisadiyyatı yeni bir mexanizm əsasında fəaliyyət göstərir. Bir çox şirkətlərin və onların özlərinin belə maliyyə vəziyyətləri kəskin şəkildə pisləşib. Bura həm daxildir neft şirkətləri, həm digər əsaslı şirkətlər. Bir növ gedən proses, iqtisadi inkişafa yanaşma tərzi xeyli dəyişib. Yəni, Azərbaycandakı bir çox şirkətlərin gedəcəyi, onların özlərini bağlamaqla bağlı elan edəcəkləri elanlar müvafiq xarakter daşıyır".