Ölkə 13:38 10.08.2015

Xədicə İsmayılın məhkəməsi: jurnalistlər aksiya keçirdi -FOTO

Xədicə İsmayılın bu gün keçirilən prosesində “zərərçəkən” Tural Mustafayev, həmçinin şahidlər – jurnalistlər Çingiz Sultansoy, Şahvələd Çobanoğlu, hüquqşünaslar Samirə Ağayeva və Rövşanə Rəhimli (T.Mustafayevin keçmiş nişanlısı) çıxış edirlər. 

T.Mustafayev ifadə verərkən bildirib ki, X.İsmayılovanın onun intihar cəhdinə bağlılığı yoxdur. Onun sözlərinə görə, öz nişanlısı ilə mübahisədən sonra bu addımı atıb.

Bu barədə vəkil Əfqan Məmmədov bildirib.

***

Məhkəmənin qarşısında jurnalist Rasim Əliyevin ölüm hadisəsi anılıb. Tanınmış jurnalistlərdən Xaliq Bahadır, Rövşən Hacıbəyli, Aynur İmranova, Əvəz Zeynallı, ictimai fəallar Zaur Əkbər, Zaur Qurbanlı, Müsavat başqanının müavini Elman Fəttah çıxış ediblər. Çıxışçılar cinayətkarların cəzalandırılmasını tələb edib.

***

Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın növbəti məhkəmə prosesi başlayıb.

Məhkəmə binasının qarşısına xeyli sayda media nümayəndələri, ictimai fəallar, siyasi xadimlər toplaşıb. 

Bundan əvvəlki proseslərdə olduğu kimi, məhkəmənin keçirildiyi zal yenə kənar şəxslərlə doldurulub. Müstəqil media təmsilçiləri məhkəməni içəridə yox, bayırda izləyir. 

ABŞ, Hollandiya, Almaniya, Fransa səfirliklərinin, Avropa İttifaqının  nümayəndələri və Xədicə İsmayılın iki qohumu məhkəmə zalına buraxılıb.

***

Xədicə İsmayılın məhkəməsini bayırdan izləməli olan həmkarları və ictimai fəallar ona məktub yazırlar. 

İctimai fəal Elman Fəttah Azadlıq Radiosuna deyib ki, məktubda Xədicə İsmayıla salamlar, onunla qürur duyduqlarını yazırlar: «Onun dik duruşu, məğrurluğu bizim üçün sevindiricidir, ona təşəkkür edirik. Çalışacağıq ki, bu məktub ona çatsın. Çünki məhkəməni tamamilə nəzarətdə saxlayırlar. Demək olar ki, qapalı məhkəmə keçirirlər. Heç bir halda məhkəməyə daxil ola bilmirik. Məcbur olub Xədicə xanımla məktub vasitəsilə əlaqə saxlayırıq».

***

Məhəkəməyə gələnlərə mane olmaq üçün məhkəmə binasının qarşısına mənzil istismar sahələrinə məxsus iri zibil qabları qoyulub. Jurnalistlər zibil qablarının arxasında gözləyirlər.

Qaynar.info