Britaniyada xərçəng xəstəliyinə qarşı mübarizə üsulları axtaran tədqiqatçılar heyəti bu xəstəlik barədə məlumatları təhlil edən şəbəkəyə 100 000 smartfonu qoşmağa ümid edirlər.

Güman olunduğuna görə, məlumat bazasının təhlili smartfonlar vasitəsilə gecələr, telefon sahibləri yatanda aparılacaq.

Şəbəkənin işində iştirak etmək istəyən telefon sahibləri həmin sistemə müvafiq mobil tətbiqi yükləməklə və ya wi-fi rabitəsi vasitəsilə qoşula biləcəklər.

Qoşulma eləcə də telefonun sim-kartındakı mobil internet balansı hesabına da keçirilə bilər.

Bunun üçün telefon geçə vaxtı söndürülməməli və batareyası 6 saat ərzində şəbəkəyə qoşulmuş vəziyyətdə olmalıdır.

Nəhəng şəbəkə qurmaq planını irəli sürmüş elmi heyət hazırladığı alqoritm əsasında bu yolla xərçəng xəstəliyinə qarşı müxtəlif dərman kombinasiyaları barədə məlumatları təhlil etmək istəyir.

100 000 mobil telefon vasitəsilə görüləcək işin öhdəsindən bir kompüter yalnız 100 ilə gələ bilər.

"Xərçəng tədqiqatlarının sürətini azaldan superkompüter çatışmazlığıdır, - Imperial College universitetinin Tibb fakültəsinin doktoru Kirill Veselkov bildirib.

Onun sözlərinə görə, bu layihə əhaliyə elmi layihəyə cəlb olunmaq imkanı verməklə gözəl bir nümunəyə çevrilə bilər.

2 il müddətinə nəzərdə tutulmuş bu layihənin işlənib hazırlanmasında Vodafone mobil rabitə və telefon şirkəti iştirak edir.



Doktor Veselkovun komandası mövcud dərmanların yeni kombinasiyasını axtarır.

Hər bir xəstənin genetik kodu təkrarsız olduğundan dərmanların kombinasiyasında bu xüsusiyyətin nəzərə alınması vacib sayılır.

"Misall üçün 10 000 dərman varsa, onların müxtəlif kombinasiyalarının sayı trilyonlarla ölçülə bilər, - Veselkov qeyd edib.

- Siz bu imkanları təhlil etmək istəyirsinizsə, bunun üçün 300 il vaxt tələb oluncaq, lakin 100 000 mobil telefon gücü ilə həmin təhlili 2-3 aya bitirmək olar."

Mənbə: BBC