Ölkə 15:30 12.11.2017

Xəyanət sevgini gücləndirir

Lalə Niftaliyeva 

Xəyanət bizim azadlıq yanğımız, boz rəngli geyimin üzərinə atılan qırmızı şərf kimi bir şeydir. Sualı verməsəm də, anlamış olarsınız. Bəs səbəbləri öyrənmək üçün xəyanət etmək lazımdır? Biz günün istənilən saatı bununla məşğul oluruq. Ciddiyəm... Hətta artıq nəyin xəyanət olduğunu da bilmirik.
 
Salam əzizim, necə olduğunu bilirəm. Gözlə görünən xəyanətə uğramış hesab edirsən özünü. Bəlkə, özünə yazığın gəlir. Hətta necə mükəmməl varlıq olduğun qənaətinə gəlmisən. "Axı niyə mən, niyə mənə etdi"? deyib, baş sındırırsan. Bir anlıq güzgüdə əksinlə göz-gözə gəlirsən. Yox, ağlama. Ağlanası bir şey yoxdur. Biz hazır mexanizm üçün yaradılmış məhsullarıq. Sənin etdiyin xəyanətlərin yanında uğradığın xəyanətlər nədir ki? Elə bilirsən səni özündən uzaqlaşdıran, qaydaları, keçmişi, hətta gələcəyi bəlli olan cəmiyyətin içinə düşmək asan məsələdir? Axı bütün bu qaydalardan qaçmağın bir yolunu tapmaq lazımdır...
 
Universitetdə oxuduğum vaxt kafedraların birində gənc qız işləyirdi. Mən universitetə işə düzələndə artıq o müəllimə idi. Gözlərimiz öncə görüntünü alır, bir müddət keçdikdə və sən növbəti mərhələyə keçdiyin zaman həmin görüntü sənin müşahidənə çevrilir. Yox, bu gün sadə olmaq istəmirəm. Anlamadığın cümləni bir neçə dəfə oxu və zəhmət çək, anla. Həmin bu müəllimə bezmədən yaxşlıq edirdi. Tələbələrinə, dostlarına, yaxınlarına. Hər kəsə. Təsəvvür edirsən, dostum? Özünə xəyanətdən başlayan xeyirxahlıq. Ey Xuda... Səndən, yəni özümüzdən qaçmaq üçün biz nələr etmirik ki? Mənə də yaxşı davranırdı. Amma mən ondan müsbət enerji ala bilmirdim. Ümumiyyətlə, həyatımda bu vaxtadək yaxşılığı məni sıxmayan bir insan olub həyatımda. O da Sevinc Həmzəyevadır. O mənim həyatımın güzgüsüdür və mən o güzgüdən sevərək qaçıram. Çünki biz xəyanət etdiyimiz zaman Allaha qarşı inqilab edə bilirik. Bütün zövq də bundan ibarətdir. 
 
O yaxşılıq edən həmin qızı xatırlaqdıqca, bunu nə üçün etdiyini düşünürdüm. Sonra anladım ki, o özü etdiyinə inanır. Və özü ilə tək qalmaqdan o qədər qorxur ki, gün ərzində yalnız bu sözü eşitmək üçün əlindən gələni edir: "X, sən çox yaxşı insansan. Müəllimə, çox sağ olun".
 
Düşünürəm ki, o qız çox yaxşı qeybət edə bilərdi. Bu onun ürəyincə olardı. Ya da yaxşılıq etdiyi insanların üzünə tüpürüb, "Allah səni məndən daha gözəl yaratdığı üçün ona da, sənə də, hamınıza nifrət edirəm. Sizdən iyrənirəm" deməli idi. Amma demir, heç vaxt da deməyəcək.
 
İndi danışdığım uydurulmuş olan xəyanət adlı nəsnənin bir tərəfi idi.
 
Amma bayaq sənə müraciət edəndə, hə sənə, sevgilisi tərəfindən xəyanətə uğrayan səni deyirəm. Ağlayırdın. Mexanizm bunun pis olduğunu öyrədib sənə və eqon səni təsəlli etdikcə, özünə daha çox yazığın gəlir. İstəyirəm üzünə bir şillə vurub, "Bəsdir insanların inqilabına qarşıdın" deyə qışqırım. Gündə özünə min kəz xəyanət etdiyin vaxt sən niyə pis olmursan axı? Elə bu gün yolda marşrut 4 dəfə dayanacaqdan kənarda müştəri götürdüyü üçün sən işə gecikdin. Amma ona etiraz etmək istəyən səsini boğdun. Bu zaman sən xəyanət haqqında düşünmürsən. Bax dostum, nə sən, nə də mən heç kimə aid deyilik. Hər şey o qədər dəqiq qurulub ki, bir də görürsən hər gün evdən işə, işdən evə gedən, istirahət günlərini alış-verişdə keçirən birinə çevrilmisən. Bir də anlayırsan ki, sən deyə bir şey qalmayıb. Anansan, anasan, atansan atasan...
 
Özündən uzaqlaşan insanlar başlayır özünü başqa üzlərdə axtarmağa. Sən evləndiyin, ərə getdiyin, nişanlı ya da sevgili olduğun adamda öz üzlərindən birini tapıb kəşf edirsən. Bununla da sənin işin bitmiş olur. Qazandığı bütün üzləri axtarmaq yolunda başlayır sevgi adlandırılan nəsnəyə xəyanət. Əslində, "səni sevirəm" yerinə "səni ona görə sevirəm ki, orqazm olduğun zaman üzündəki ifadə hərfləri öyrənib ilk oxuduğum sözə sevinərkən qazandığım üzə bənzəyir". Və bu cür üzlər çoxalır və çoxalacaq xatirələr kimi. Bu cür müdrik xəyanətlər Allah yolunda edilmiş savabdır. Hər xəyanət bir üzü yırtır və sən özünə bir az daha yaxınlaşırsan.
 
Hə bir də bilirsiniz nə var, an məsələsi var. Xəyanət zamanı insanlar anı yaşayırlar. Onun nəticələrini düşünmürsən və həmin an heç bir öhdəliyin və məsuliyyətin olmur. Məsləyə bu tərfədən baxaq, əgər sənin sevgilin, həyat yoldaşın, ərin, arvadın, atan səninlə özünü bölüşmədiyi zaman onun sənə xəyanət etdiyini düşünmək mənasızlıq deyilmi səncə? 
 
Rutin həyata, qaydalara qarşı kiçik etirazın, inqlabın başlanğıcıdır xəyanət. Sənə özünü xatırladan hissdir. Ona görə də, xəyanət insana onun kimliyini xatırladır və bu sevgini gücləndirir.

Qaynarinfo.Az