Ölkə 22:17 25.02.2018

Xocalı faciəsi ilə bağlı bəyanat verildi

Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirib.

Qaynarinfo xəbər verir ki, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra RAMMM-ın sədri Firdovsi Hüseynov Xocalı faciəsinin səbəbləri və nəticələri barədə məlumat verib. Bildirib ki, 26 il əvvəl fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhəri erməni hərbi birləşmələrinin və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının birlikdə hücumu ilə yer üzündən silinib, qadınlara, qocalara, uşaqlara, hətta körpələrə aman verilməyib.

Sonra o Özbəkistanda yaşayan azərbaycanlılar və RAMMM adından Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Bəyanatını oxuyub.

Bildirilib ki, Bəyanat BMT-nin Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, İslam Əməkdaşlıq Təşkilatına və digər beynəlxalq təşkilatlara ünvanlanıb.

RAMMM sədrinin müavini Mobil Məmmədov, Xocalı faciəsinin şahidi Yusif Əliyev, həmçinin soydaşlarımızdan Qədir Məmmədov, Əjdər Əliyev, İsmayıl Məmmədov və başqaları Xocalı faciəsini törədənlərin bu qanlı əməllərini pisləyib, ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı törətdikləri vəhşiliklərdən danışıblar.