Siyasət 11:57 03.04.2013

“Xocalı tədbirinə gərək yoxdur” deyən adam... (KÖŞƏ)

Azər Həsrət

Bugünkü qəzetlərdə diqqətimizi çəkən xəbərlərdən biri, deyərdik ki, birincisi Rusiyadakı Azərbaycan diaspor nümayəndələrinin İ.Əliyev hakimiyyətini ittiham edən bəyanatı oldu. Bəlkə də bunu sıradan bir bəyanat kimi dəyərləndirib keçmək olardı. Üstəlik, hakimiyyəti kiminsə lap elə ittiham etməsi normal bir haldır və buna görə insanlar qınanmamalıdır. Lakin məsələ onda deyil. Ortada başqa mətləb var. 

Bu yazımı oxuyanların məni hakimiyyəti müdafiədə ittiham edəcəyini də gözaltı etmişəm. Hər kəs öz düşündüyü qədər, qabındakına uyğun bir şərh verəcək yəqin bu yazdıqlarıma. Amma bu, doğru bildiyimizi yazmaqdan bizi çəkindirə bilməz. 

Bəri başdan demək istərdim ki, hakimiyyətin mənim müdafiəmə zatən ehtiyacı yoxdur və bu yazı da o məqsədlə yazılmır. 

Məsələ bundadır ki, qəzetlərdə yayımlanan açıqlamada deyilir ki, “Rusiyada fəaliyyət göstərən təşkilat rəhbərləri iqtidarı yerdən-yerə vurdu”. Tamam, vursun. Bir bildikləri vardır bəlkə? Ola bilsin ki, bizə bəlli olmayıb da onlara bəlli olan bir şey vardır ki, “iqtidarı yerdən-yerə vururlar”. Di gəl açıqlamanı oxuyanda və orada irəli sürülən iddiaların altına imza atanları görəndə çaşmamaq mümkün deyil. Necə deyərlər, sırasıyla. 

Xəbərdə oxuyuruq: “Rusiyanın Moskva, Nijeqorod, Samara, Yaroslavl vilayətləri və Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporlarının rəhbərləri Qalib Ağayev, Vidadi Abbasov, Şirvan Kərimov, Osman Hüseynov və Sübhan Əhədzadə Azərbaycan ictimaiyyətinə müraciət edib. Müraciətdə bu vaxta qədər Rusiyada yaşayan azərbaycanlı ziyalıların Qarabağ həqiqətlərini Rusiya ictimaiyyətinə çatdırmasında, mədəniyyətin və dilin qorunmasında rəsmi Bakı tərəfindən dəstək görmədikləri deyilir”. 

Açığı, bu cür bəyanatı mən də alqışlardım. Ancaq ədalətli olsaydı. Üstəlik, davamında xoruzun quyruğu da görünməsəydi. İş ondadır ki, imza sahibləri Azərbaycan hakimiyyətini məlum Söyün Sadıqov və kompaniyasına görə ittiham edirlər. Sən demə ömrü boyu Azərbaycan üçün heç bir addım atmayan, Rusiyanın dərin dairələrinin çaldığına oynayan və ermənilərlə cici-bacı olduğunu gizlətməyən Sadıqov və dəstəsi ölkəmiz üçün durmadan, gecə-gündüz çalışırmışlar. Azərbaycan mədəniyyətini, dərdlərini Rusiyada tanıtmaqla məşğul olduğu iddia edilən bu dəstə, sən demə, Azərbaycan hakimiyyətinin ədalətsiz basqıları altındaymış. Heç, əslində, bununla da işimiz olmazdı. Amma... 

Amma imza sahibləri arasında bir şəxsin – Sübhan Əhədzadənin də adı olmasaydı. Dərhal demək istərdim ki, bu şəxslərdən heç birini tanımıram. Sadəcə olaraq Əhədzadə soyadlı şəxsin adını ilk dəfə bu ilin 26 fevral – Xocalı soyqırımı günündə eşitdim və bəzi həmkarlarımız demişkən, şok oldum! 

İndi Azərbaycan hakimiyyətini ittiham edən bu adam 26 fevral günü “Azadlıq” Tatar Gəncləri Birliyinin Kazanda təşkil etdiyi Azərbaycanla həmrəylik piketinə münasibətilə gündəmə gəlmişdi. Ona ünvanlanan suala cavab olaraq demişdi ki, həmin birliyi tanımır və belə bir birliyin özbaşına belə bir tədbir keçirməsini də təqdir etmir. Və daha sonra əlavə etmişdi: “Xocalı hadisələri bizim bəlamızdır. Lakin buna həsr edilmiş tədbirlər keçirməyə gərək yoxdur. Mən bunun qəti əleyhinəyəm. Rusiya çoxmillətli ölkədir, Azərbaycan və Ermənistanın problemləri elə ermənilərlə azərbaycanlıların problemləri olaraq qalır. Ancaq bura Rusiyadır və burada belə hala yol vermək olmaz”. 

Bu Əhədzadənin belə münasibəti tatar gənclərini sözün həqiqi mənasında şoka salmışdı. Düzdür, biz onlara zamanında hər şeyi izah edə bildik və sağ olsunlar, olanları anlayışla qarşılayaraq həmin münasibəti bildirənin, əslində, Azərbaycan adından Azərbaycana qarşı işlədiyini başa düşdülər. Və sonradan Əhədzadə bir sıra KİV-lərdə açıqlamalarla çıxış edərək öz fikirlərini dandı. İddiada bulundu ki, guya bu, jurnalistlərin uydurmasıdır. Hətta Tatarİnform-a da yol taparaq xəbərin orijinalını sildirə bildi. Ancaq artıq internetdə tirajlanmış və xüsusən də Ermənistan saytları tərəfindən gen-bol yayımlanmış bu xəbər indinin özündə də axtarışlarda ön plana çıxır... 

İndi bu “Xocalı tədbirinə gərək yoxdur” deyən adam Azərbaycan hakimiyyətini ittiham edir. Özü də nədə. Belə yerdə deyərlər ki, “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Hələ mən bu adamın kimliyi, nə işlə məşğul olduğu barədə dostlarımızın araşdırmaları haqqında danışmıram. Zatən belə adamlara sərf edəcək boş vaxtımız da yoxdur bizim. Sadəcə, ictimai rəyi yanıltmaq istəməsi və bizim də bilgi sahibi olmağımız bu yazını yazmağımıza səbəb oldu. Bu qədər...