Lalə Niftaliyeva
Ölkə 10:20 24.10.2017

Xoşbəxtliyə çəkilən hasarlar...

Lalə Niftaliyeva 

Deyəsən, hava yağışlı idi həmin gün. Ümumiyyətlə, bizim ev dava-dalaşsız keçməyib. Hətta qonağımız gələndə də mütləq bir dava olardı. Yəqin elə ona görə mən mazoxistin yekəsiyəm. 

Uşaq vaxtı bir Allah baba var idi. Adama deyərlər, a kişi, bu boyda cinsi ayrı-seçkilik olar? Niyə Allah nənə yox, babadır? Görəsən, Allahşükür Paşazadə mənim bu acizanə sualımı cavablandıra bilər? 

Sözüm onda deyil. Məni də bu babayla az qorxutmayıblar. Bir dəfə ovcum böyüklüyündə ölü kəpənək tapmışdım. Bu ölü həşərat məni necə kədərləndirmişdisə, onun üçün yas mərasimi düzəltməyi özümə borc bilmişdim. Həyətimizdə ən gözəl ətri olan ağ qızılgüllər idi. Elə onun dibində balaca çuxur qazıb, kəpənəyi basdırdım. Sonra rəngli başdaşı da qoydum onun üçün. Bacım mənim belə etdiyimi görəndə, demişdi ki, günahdı. Allah babanın acığına gedəcək, belə etmək olmaz. Elə ondan sonra mən Allah babanın acığına gedəcək şeyləri daha çox etməyə başladım. Halım pisləşən kimi də, onunla bazarlıq edirdim, məsələn, sən məni bu vəziyyətdən çıxar, mən də namaz qılım. Deyəsən, mövzudan uzaqlaşdım. Son vaxtlar belə olur.

Ümumiyyətlə, bütün mövzular belədir. Birindən danışdıqca, başqalarını xatırlayırsan. Sonra görürsən danışmaq istədiyin sözü də unutmusan. Yox, mən bu dəfə unutmadım. Dünən "Tarqovı"da gəzişərkən, o yağışılı gün düşdü yadıma. Qardaşım deyəsən, yenə günah iş tutmuşdu. Atam bu dəfə onu söymək əvəzinə, bilirsiniz kimi söydü, Allah babanı. O çox ədəbsiz söymüşdü. Təbii ki, mən burda onu sizə olduğu kimi çatdıra bilməyəcəm: "Başımıza nə gəlirsə elə onun üzündən gəlir" demişdi. Ey xuda... Elə həmin gecə yaşıl rəngli kiril əlifbası ilə yazılmış Quran kitabını öz avazı ilə qardaşının ruhuna Yasin oxumaq üçün əlinə almışdı. Mən həmin gün onun yerinə Allahdan üzr istəmişdim. Elə bilirdim ki, bu dəqiqə həmin o baba gəlib atamı öldürəcək. Öldürmədi. Atam ondan sonra çox yaşadı. Bu hadisə Çak Palanikin "Döyüşçü klubu" əsərindən bir fikri yadıma saldı: "Allahın səni unutmağındansa, söyməsi daha yaxşıdır". İndi gör, Allah baba məni nə qədər söyür. 

İndi keçək əsas məsələyə, bizə. Yəni sənə, əziz oxucu. Doğulduğu zaman inancı, yaxşı və pisləri, geyimi, tərbiyəsi, zövqü artıq bəlli olan sənə. Çünki sənin fərd olmağa haqqın yoxdur, günah sayılır bu. Mənim dediklərimi də oxuyub dodağının altında "Bu qız cəhənnəmdə yanacaq, əxlaqsız" da deyirsən hətta. Çünki mən sənin babanı istədiyim zaman sevib, istədiyim zaman söyə bilirəm. Elə atam kimi. İstəsəm o mənim üçün var, istəmədiyim vaxt yoxdur. Amma mən yenə də yarımçığam, yenə də problemləri böyüdürəm. Bilirsən niyə? Çünki mən uşaq vaxtından günah sözü eşitmişəm. "Etmə, günahdır". Mən də edirdim, hər dəfə daha çox, sonra gecələr əzab çəkirdim. Bilirsən, nəyə görə? Bəlkə, heç Allahın da xəbəri olmadığı namus məsələlərinə görə. 

A kişi, 18 yaşında qız aşiq olacaq, sevəcək, sevişəcək də. Təsəvvür edin sosial şəbəkələrdə xanımlar yazır: "Filankəs aşiq olub, oğlanla sevişib, qızlığını itirib. Üstəlik oğlan da ondan istifadə edib, atıb". İndi sizə sual verirəm, niyə özünüzü istifadə olunmuş sayırsınız? Siz bəyəm, özünüzü əşya hesab edirsiniz? Siz deyəsən, iki nəfər sevişirsiniz axı. Yox əşi, siz heç onu da bacarmırsınız. Çünki kiçik yaşlarınızdan seçim haqqınız olmayıb. Mən 26-27 yaşlarında qız tanıyıram ki, anası ona icazə vermədiyi paltarı ala bilmir. İnandırım sizi, o qıza desəniz ki, get alış-veriş et, heç nə almadan üstünüzə gələcək. Sonra bu qız ərə gedib, ailə quracaq və sənin yaşadığın bu cəmiyyətə bir uşaq doğacaq. Fikir verin, mən şəxsiyyət demirəm, uşaq deyirəm. 

Bu əhəmiyyətsiz görünən şeylər, insanın özünü tapmağına mane olur. Nəticədə xaos yaranır və heç kim olmalı olduğu yerdə ola bilmir. Qəssab həkim, alverçi müəllim, müəllim yazıçı və sadaladıqca uzanan yersiz insanların siyahısı yaranır. 

Heç kim olduğu yerdə məmnun olmur, hər kəs nədənsə qorxur. Heç qorxduqlarından xəbərləri də olmur. Hər şeyi olduğu kimi qəbul edib bir-birlərinin həyatını və cəmiyyəti məhv etməyə davam edirlər. Uzağa getmirəm, işlədiyim universitetdə minlərlə öz işini sevməyən müəllim, oxumaq üçün kor-koranə seçilən ixtisaslar.  

Uşaqlara özlərindən qaçmağı yox, özlərinə qaçmağın yollarını öyrədin. Sən müsəlmansansa, sənin uşağın Allah babadan qorxmalı deyil axı. Onlar sərhədsizdirlər, xoşbəxtdirlər. Siz isə hər dəfə bu xoşbəxtliyə bir hasar çəkirsiniz. Və gələcəkdə həmin uşaq qara paltar geyinib, metroda ona yer verməyən gənclərin üstünə qışqıracaq, öpüşən gəncləri təpikləyəcək və özünün əslində, kim olduğunu heç vaxt bilməyəcək. Onlara səmimi olmağı öyrədin, icazə verin, onlar öz Allahlarını sevsin, sizin babanızı yox...

Qaynarinfo.Az