"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişinin 2013-cü ildə başladığı araşdırma yekunlaşıb.
 
Qaynarinfo-nun Ölkə.Az-a istinadən məlumatına görə, Stəkan Məmmədova adlı Masallı sakininin proqrama müraciəti əsasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, onun qızı Bahar Məmmədova nişanlısı Vüqar İsayev tərəfindən qətlə yetirilib.
 
Qeyd edək ki, sözügedən hadisəylə bağlı lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayıb. Xəbərdə bildirilir ki, bu il dekabrın 26-da Masallı rayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq Rusiya Federasiyasına aparması, lakin sonradan Vüqar kəndə qayıtsa da övladından heç bir xəbər olmaması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşklarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Təxirəsalınmaz tədbirlərlə Bahar Məmmədovanı qətlə yetirməkdə əsaslı şübhələr yarandığından Vüqar İsayev tutulub.
 
İlkin araşdırmalar zamanı V.İsayevin 1997-ci ilin oktyabr ayında Bahar Məmmədovanı evlənmək məqsədilə qaçırdıqdan sonra Şıxlar kəndinin ərazisindəki meşə zolağına aparması, aralarında baş verən münaqişə zəminində Baharın boynunu qıraraq onu qəsdən öldürməsi, çuxurda basdıraraq üzərinə daş və qaya parçaları yığması, beş ay müxtəlif ünvanlarda gizləndikdən sonra Rusiya Federasiyasının Arxangelsk şəhərinə getməsi müəyyən edilib.
 
Araşdırmalar nəticəsində o da məlum olub ki, V.İsayev 2005-ci ildə Rusiya Federasiyasının ərazisində də qətl hadisəsi törədərək uzun müddətə azadlıqdan məhrum edilib, cəzasını çəkdikdən sonra isə cari il dekabrın 25-də Masallı rayonuna qayıdıb.
 
Polis və prokurorluq orqanları əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakı ilə Şıxlar kəndi ərazisindəki qətlin baş verdiyi ehtimal olunan əraziyə baxış keçirilib və oradan B.Məmmədovanın meyidinin qalıqları aşkar edilib.