Sağlamlıq 22:04 04.03.2018

Yaddaşımızı yaxşılaşdırmağın ən asan yolu

Sən demə köhnə və yeni xatirələri yada salmağa kömək olan, yaddaşı yaxşılaşdırmağın təəccüb doğuran güclü bir yolu var imiş və bu, tələbələrdən tutmuş Alzheimer xəstələrinə qədər hər kəsə kömək ola bilər.

Yeni bir materialı yadda saxlaya bilmək üçün onun üzərində daha çox işləməyin ağlabatan olduğunu düşünürük. Bəlkə də ehtiyacımız olan şey arabir özümüzə fasilə verməkdir, yəni heç bir şey etməmək.

İşıqları söndürün, arxaya söykənin və 10-15 dəqiqə sakitcə oturun. Beləliklə yenicə öyrəndiyiniz faktları daha yaxşı yadda saxladığınızın fərqinə varacaqsınız.

Oxuyarkən fasilə verməyin faydalı olduğunu bilirik. Amma yeni bir tədqiqat göstərib ki, bu fasilələrdə "minimum müdaxilə" vacibdir, yəni yaddaşın formalaşması kimi həssas prosesi korlaya biləcək hər hansı fəaliyyəti bilərəkdən etməmək lazımdır.

Tapşırıqlara göz gəzdirmək, e-mailləri yoxlamaq və ya telefonunuzda interneti dolaşmağa yox deyin. Heç bir müdaxilə olmadan beyninizə yenidən enerji toplaması üçün imkan yaratmalısınız.

Heç nə etməmək bəhanəsi tənbəl tələbə üçün mükəmməl mnemonik üsul kimi görünə bilər, amma əldə olunan yeni məlumatlar amneziya və ya demensiyanın bəzi növlərindən əziyyət çəkən insanlar üçün rahatlıq gətirə bilər.

Belə ki, öyrənmək və yadda saxlamaq gücünün gizli, əvvəllər bəlli olmayan yeni üsullarla inkişaf etdirmək olar.


Yeni və köhnə xatirələri canlı saxlamaq üçün sadə bir üsul bəsdir

Müdaxiləsiz istirahətin mükəmməl yaddaş artıran xeyri ilk dəfə 1900-cu ildə alman psixoloqu Georg Elias Muller və tələbəsi Alfons Pilzecker tərəfindən qeydə alınıb.

Onlar, yaddaş gücləndirməsi ilə bağlı çoxsaylı eksperimentlərindən birində iştirakçılardan mənasız hecaları öyrənməyi istəyirlər.

Qısa mütaliədən sonra, qrupun yarısına dərhal növbəti siyahı və digər yarısına altı dəqiqəlik fasilə verilib.

Bir saat yarım aparılan testdə qruplar tamamilə fərqli yaddaş nümayiş etdiriblər.

Fasilə verilən iştirakçılar siyahının təxminən 50%-ni yadda saxlayıblar. Digər qrupda isə göstərici 28% olub.

Bu göstərib ki, yaddaşımız yeni informasiya qəbulundan dərhal sonra, son dərəcə həssas olur və növbəti yeni məlumatlarla qarışmaq şansını artırır.

Həmin tədqiqatdan sonrakı illər ərzində bəzi psixoloqlar eyni təcrübəni sınaqdan keçirsələr də, yalnız 2000-ci illərin əvvəllərində Edinburgh Universitetindən Sergio Della Sala və Missouri Universitetindən Nelson Cowan-ın pionerliyi nəticəsində daha geniş təsəvvürlər formalaşdı.


Hamımız diqqətimiz daha az yayındıraraq yaşaya bilərik

Komanda, az müdaxilə ilə nevroloji zədədən əziyyət çəkən insanların yaddaşını artırmağın mümkünlüyünü sınamaq istəyirdi. Muller və Pilzecker-in tədqiqatındakı üsuldan istifadə edərək onlar, iştirakçılara 15 sözlük siyahılar təqdim ediblər və 10 dəqiqə sonra test ediblər.

Bəzi iştirakçılar standart idraki testlərə davam etdikləri halda, bəzilərinə qaranlıq otaqda yuxuya getmədən uzanmaq tapşırılıb.

Az müdaxilənin təsiri inanılmaz dərəcədə əsaslı olub. İki kəskin amneziya keçirmiş xəstə heç bir irəliləyiş göstərməsə də, digərlərinin nəticəsi üçqat artıb - 14 faizdən 49 faizə. Bu isə heç bir nevroloji zədə almayan sağlam insanlarla eyni nəticə demək idi.

Növbəti nəticələr isə daha da gözlənilməz olub. İştirakçılar bəzi hekayələrə qulaq asıblar və bir saat sonra suallara cavab veriblər.

İstirahətsiz onlar, hekayədəki faktların 7 %-ini xatırlaya biliblər. İstirahət edənlər isə 11 dəfə artıq nəticə göstərərək hadisələrin 79 faizini yadda saxlayıblar.

Tədqiqatçılar eyni sınaqları sağlam insanlar üzərində də aparıblar. Nəticələr daha aşağı olsa da, təsir diqqətə layiq olub - 10 və 30 faiz arası.

Della Sala və Cowan-ın keçmiş tələbəsi olan Heriot-Watt Universitetindən Michaela Dewar, həmin sınaqların davamı olan bir neçə tədqiqatlar aparıb və nəticələri çoxsaylı müxtəlif kontekst üzrə nəzərdən keçirib.

Sağlam iştirakçılarda belə qısa istirahət vaxtının məkan yaddaşını inkişaf etdirdiyi aşkarlanıb. Onlar, virtual reallıq şəraitində müxtəlif binaların yerlərini yada sala biliblər. Ən mühümü isə bu üstünlük tapşırığı öyrəndikdən bir həftə sonra da olduğu kimi qalıb və həm gənc, həm də yaşlılar üçün faydalı olub.

İnsult keçirən insanlarla yanaşı, Alzheimer xəstəliyinin erkən mərhələlərində olan xəstələr üçün də faydalar eyni dərəcədə olub.


Yaddaşımız yeni informasiya qəbulundan dərhal sonra, son dərəcə həssas olur

Hər sınaqda tədqiqatçılar iştirakçılardan mobil telefon və ya oxşar müdaxilələrsiz qaranlıq, sakit otaqda oturmağı istəyiblər.

"Biz onlara istirahət əsnasında nə edib, nə etməyəcəkləri ilə bağlı xüsusi təlimatlar vermirik," Dewar deyir.

"Amma eksperimentlərin sonunda doldurulan anketlərdən, əksəriyyətinin istədikləri şeyi düşündüklərini ortaya çıxır."

Bu halda belə, biz dərin xəyala dalmamaq üçün ehtiyatlı olmalıyıq. Məsələn bir araşdırmada fasilə zamanı iştirakçılardan keçmiş və gələcəkdəki bir hadisəni təsəvvür etmək istənilib.

Bu isə onların yeni hadisə ilə bağlı yaddaşını zəiflədib. Ona görə də istirahət əsnasında dərin düşüncələrə dalmamaq daha yaxşı olar.

Dəqiq mexanizm hələ də bilinmir, amma yaddaş məlumatının anlamaq üçün bəzi ipucular ortaya çıxmağa başlayıb. Artıq qəbul olunub ki, xatirələr beyində ilkin kodlaşan anda bərkimə dövründən keçirlər.

Bu da onların beyində uzun müddət qalmalarını təmin edir.

Bir zamanlar bunun yuxuda olarkən baş verdiyi düşünülürdü. Belə ki, yuxuda beyinin xatirələrin ilkin formalaşdığı hippokampus hissəsi ilə korteks hissəsindəki əlaqə güclü olur.


Beyinin yenicə öyrəndiyi şeyləri sementləmək üçün boş vaxta ehtiyacı ola bilər

Gecə sürətlə işləyən beyin fəallığı, yeni məlumatları yatmamışdan qabaq daha yaxşı yadda saxladığımızın səbəbi ola bilər.

Lakin Dewar-ın işinə uyğun olaraq New York Universitetindən Lila Davachi-nin 2010-cu ildə apardığı bir araşdırma göstərib ki, bənzəri fəallıq təkcə yuxu zamanı yox, ayıq istirahət əsnasında da baş verir.

Araşdırmada iştirakçılardan əvvəlcə bir cüt şəkili yadda saxlamaq istənilib, sonra isə uzanıb istirahət etmək.

Davachi, istirahət zamanı hippokampus ilə vizual korteks arasındakı əlaqənin artdığını müəyyənləşdirib. Ən mühümü isə tapşırığı yaxşı yadda saxlayan insanların beyinlərində bu iki hissə arasındakı əlaqə daha güclü olub.

Bəlkə də beyin istənilən potensial istirahət vaxtından, yeni öyrəndiyi məlumatları sementləmək üçün istifadə edir.

Nevroloji zədə beyinlərdəki həmin əlaqədə əngəl yaradır, xüsusilə də yeni yaddaş öyrəndikdən sonra. Bu səbəblə də insult keçirən və Alzheimer xəstələri üçün istirahət vaxtı mühümdür.

Tədqiqat başqa psixoloqları da həvəsləndirib.

"Eksperimentlər və yaddaş tapşırıqlarına uyğun olaraq aparılan tədqiqatlar üçün bu təsir çox böyükdür," York Univeristetindən Aidan Horner deyir. "Bu mükəmməldir."

Horner də bunun zədəli şəxslərə kömək üçün yeni üsulların aşkarlanmasına yol açacağı ilə razıdır.


Mütəmadi istirahət müddəti planlamaq yeni xatirələrin yaranmasına kömək olar

O, praktiki olaraq gün ərzində kifayət qədər istirahət vaxtı planlamağın çətin olduğunu da nəzərdən qaçırmır. Amma düşünür ki, pasient üçün mühüm təzə məlumatı yadda saxlamaq - məsələn, yeni baxıcının adı və üzünü - baxımından çox vacibdir.

"Bəlkə də qısamüddətli oyaq istirahət onların həmin insanı yadda saxlamaq imkanlarını artıracaq və sonradan özlərinə də rahat gələcək."

Dewar mənə deyir ki, bir xəstəsi belə qısa fasilələr sayəsində nəvəsinin adını yadda saxlaya bilib.

Birləşmiş Krallığın Nottingham Trent Universitetindən Thomas Baguley də bu barədə çox optimistdir. O, bəzi alzheimer xəstələrinin artıq yaxşı nəticələr əldə etdiyini deyir.

"Bu müdaxilələr oyaq istirahətə təşviq edə bilər," o deyir, amma əlavə edir ki, kəskin demensiyadan əziyyət çəkən insanlarda üsulu tətbiq etmək bir az çətin ola bilər.

Bənzəri pasientlər üçün bu üsulun klinik faydalarından savayı, Baguley və Horner, müdaxiləsiz mütəmadi istirahət müddəti planlamağın yeni materialı daha ətraflı yadda saxlamağımıza kömək edəcəyinə inanırlar.

"Bu 10-15 dəqiqəlik fasilələri dərs oxuyan zaman tətbiq etmək, onları sonralar xatırlamaq qabiliyyətinə az da olsa kömək olacaq," Horner deyir.

Məlumat bolluğu dövründə enerjiyə ehtiyacı olan tək şeyin ağıllı telefonlarımız olmadığını bilməyə dəyər. Beynimizi də unutmamalıyıq.

Mənbə: BBC Future