Siyasət 18:15 03.07.2013

Yadigar Sadıqovla bağlı BƏYANAT

İctimai Palatadan Yadigar Sadıqovun işinə dair bəyanat yayılıb.

Bəyanatla deyilir ki, prezident seçkiləri yaxınlaşdıqca hakimiyyətin müxalifətə qarşı repressiyaları daha da genişlənir. Qondarma ittihamla həbs olunan Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov haqqında Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb və Lənkəran rayon məhkəməsi istintaq orqanının təqdimatına əsasən onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Məlum olduğu kimi, Y.Sadıqov Lənkəran şəhərində ona qarşı təxribat törədən bir şəxsin ifadəsi əsasında həbs olunub. Bu ifadənin sifarişli olduğu, ümumilikdə Y.Sadıqovun həbsi üçün hakimiyyət tərəfindən qabaqcadan təxribat hazırlandığı, cinayət təqibi üçün əsas kimi qələmə verilən hadisənin şahidlərində heç bir şübhə doğurmur. Y.Sadıqovun bu təxribata getməməsi də sifarişçiləri öz çirkin niyyətindən daşındırmayıb.

İctimai Palatanın Koordinasiya Şurası bildirir ki, Y.Sadıqovun şərlənərək həbs olunmasının gerçək motivi onun fəal müxalifətçi mövqeyində dayanmasıdır. Məlum olduğu kimi, Y.Sadıqov Müsavat Partiyasının başqanı İsa Qəmbərin yanvar ayında Lənkərana dəvət edilməsinin təçəbbüskarlarından biri olub. O, sosial şəbəkələrdə hakimiyyəti ardıcıl olaraq açıq şəkildə tənqid etməklə yanaşı, Lənkəranda və ətraf rayonlarda cəmiyyəti seçki ilində fəallığa səsləyirdi.

İctimai Palatanın Koordinasiya Şurası hakimiyyəti repressiyalardan əl çəkməyə çağırır, Y.Sadıqovun dərhal həbsdən azad olunmasını və ona qarşı qanunsuzluqlara rəvac verənlərin məsuliyyətə cəlb olunmasınbı tələb edir.

Qaynar.info