Vüsal Bağırlı
Ölkə 13:53 05.11.2019

Yağış yağır, rəqs eyləyir gur damlalar...

Vüsal Bağırlı

Yağ, yağışım, yağ, sel ol, yağ!
Sırma-sırma, tel-tel ol, yağ!
Çözül, sən ki, kölgəli bir yar saçısan,
Bağrı yanıq səhraların əlacısan.
Yağ, yağışım, sellənərək,
Sırmalanıb tellənərək!
Mikayıl Müşviq

Yağış yağır. Küçələr su içində. Ulduz metrosunun ətrafı bir göl. Meylin çəkir, tilov at, balıq tut.

Maşınlar sağa - sola şütüyür və su şırnağı fəvvarə effektiylə ətrafa yayılır.

Ey yoldan ötən bəni-insan övladı, soyuqdan və rütubətdən büzüşüb cücəyə dönmüş piyada, sən maksimum diqqətli olmalısan!

Sənin paltarın, şalvarın, kurtkan, plaşın bir an içərisində lehməyə, lilli - gilli suya, palçığa, lıqqaya bata bilər.

Birdən qarşıda, bom-boz səmanın və üşüdücü küləyin yırğaladığı ağaclar fonunda köhnə və xırıltılı avtobus göründü. O, nəhəng buzqıran gəmi kimi suyu yara - yara irəliləyirdi. Mən suya, palçığa batmamaqdan ötrü, cəld kənara çəkildim və macal tapıb alçaq hasarın arxasında daldalandım.

Qarşıda gənc oğlan və qız dayanmışdır. Avtobus isə lap yaxındadır. O, var sürətiylə gəlir və dayanmaq, durmaq fikri də yoxdur.

Oğlan fədakarcasına özünü sipər edir və fürsət düşmüşkən qızı qucaqlayır. Təkərlərin altından püskürən bulanıq su şırnağı onu soyuq, buz kimi duşa qonaq edir.

Bəli, payız girər-girməz, qəfləti intensivliklə başlayan xəzan yağışları, quraqlıqdan sonra, havaya nəm torpaq ətri, əhvala xoş təəssürat əlavə etsə də, bəzi görünməyən məsələləri  də çılpaqlığına qədər yuyub aşkara çıxardı.

Şair demiş, göydə iki qara buludun toqquşaraq, ildırımlarını şaqqıldatması, yağışın yağması paytaxtda bəzi küçələrin, həyət-bacaların, yol və prospektlərin sel-su altında qoymasına tamam-kamal kifayət etdi. 

Yəqin ki, azacıq da bu qaydada davam etsəydi, Xəzər hövzəsinin Atlantik okeanı ilə birləşmə, bizim Avropaya inteqrasiya olma ehtimalımız tam bir reallığa çevriləcəkdi.

Əvvəllər, bu cür gur axınları, küçələri basan yağışı, qurşağadək su içində, dükana çörək dalınca gedən şəhər sakinini, biz yalnız sənədli filmlərdə, kinofilmlərdə, xəbər və informasiya buraxılışlarında, təəccübdən donmuş, heyrətdən ağzı açıla qalmış şəkildə müşahidə edirdik. Hal-hazırda isə bu hadisələr, Bakının yaz-payız-qış həyatının gündəlik normasına çevirilməkdədir. İndi, qos-qoca şəhər, Yanszı-Xuanxe, Missisipi çayı hövzələrində yerləşən selbasar şəhərlərə bənzəyir.

Əslində,  qəfil yağmurun, selin şəhər təsərrüfatındakı bəzi problemləri aşkara şıxarması, təvazökarlığın uzaq sahillərindən boylanaraq, bəzi müsbət məqamları da qeyd etməmizə cani-dildən kömək edir. 

Axı  bəzəkli idman komplekslərinə, su hovuzlarına, idman basseynlərinə girişin, aylıq abunə filanın nə qədər baha olduğunu yaxşı bilirik!? Etiraf etməliyik ki, küçələrimizin, tin və dalanlarımızın iti axan dağ çayına, həyət-bacalarımızın göl və nohur hövzəsinə çevirilməsinin, hamıda üzgüçülüyə kütləvi maraq yaradacağı şübhəsizdir. Özü də pulsuz-parasız, havayı. Nə qədər istəyirsən üz.

Düzdür, burada "havayı pendir yalnız tələdə olur” ingilis atalar sözünü xatırlasaq da, digər tərəfdən, baş vermiş təbii hadisənin vindserfinq, dayvinq, kaytservinq, raftinq, kayakinq kimi ekstremal və ekzotik idman növlərinin inkişafına da təkan verdiyini də, xüsusi əzmlə qeyd etməliyik. Bundan başqa,  turist və valyuta axını, beynəlxalq miqyasda ajiotaj, reklam da öz yerində.

Belə yağışların intensivliyi gələcəkdə də bu qaydada davam edərsə, küçə və prospektlərimizdə balıqların və su heyvanlarının yaranması mümkündür. Təsəvvür edin, su gəlir, küçələr dolur, avtobus məcburi şəkildə dayanır, tıxacdır. Və sərnişinlərimiz darıxmamaqdan ötrü, tilov atıb balıq tuturlar. Yaxud da, qayığa minirsən və Patamdartddan Əhmədliyə avar çəkə-çəkə üzüb gedirsən. Özü də kəsə yolla, ətrafı seyr edə-edə, təmiz hava alaraq. Zövqi-səfa da öz yerində.

Yadınızdadırsa, bir neçə ay əvvəl Parisdə də güclü leysanlar Sena çayını daşırmış, kanalizasiya xətləri təpətıx dolmuş, yollar keçilməz olmuşdu. Özü də o kanalizasiya xətləri ki, onların unikal dolanbacları, qeyri-adi labirintləri, mükəmməlliyi barədə ViktorHüqonun  məşhur "Səfillər”ində söhbət açılır.
Gördüyünüz kimi, inqilablar beşiyi, sivilizasiyanın mərkəzi, yüksək dəb, moda, müasirlik aləmi, əsrarəngiz parfümlər, şampan və şərablar diyarı, sevgi şəhəri belə adicə yağışın, daşan çayın əlində aciz qalır.

Beləliklə, su aydınlıqdır və təbiət hadisələri həmişə bir hüzur gətirir, özünəməxsus romantika yaradır, insanı fəlsəfi düşüncələrə qərq edir. Yoxsa xeyli müddətdir, tozun-torpağın, gilin içində batıb qalmışdıq. Yağış yağdı və küçələr təmizləndi, binalar, ağaclar yuyunub təravətləndi. Biz isə bir növ, aydınlığa çıxdıq.