Siyasət 12:17 21.08.2013

YAP-çı deputatdan Zahid Oruca dəstək

“Millət vəkili Zahid Oruc  prezidentliyə namizədliklə bağlı iddiasını ortaya qoyması  kifayət qədər cəsarətli bir addım atdı. O, bu qərarı ilə həm öz-keçmiş partiyasının qəbul etdiyi ümumi qərarın ziddinə getdi, həm də daim iqtidarı, İlham Əliyevi dəstəklədiyi bir halda ona alternativ olmaq cəsarətini öz üzərinə götürdü”. 

Qaynar.info modern.az-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Millət vəkilinin dediyinə görə,  bununla  Z. Oruc  bir daha nümayiş etdirmək istədi ki,  hər bir Azərbaycan vətəndaşı öz konstitusion hüququndan istifadə edə bilər və Azərbaycanda bunun üçün istənilən demokratik mühit, şərait var:

“Eyni zamanda,  Zahid Oruc üzvü olduğu Ana Vətən Partiyasından çıxarıldı, çünki onun qərarı partiyanın ümumi xəttinə zidd idi. Amma bununla belə, Zahid Oruc partiyasının bu qərarına böyük hörmətlə, siyasi mədəniyyət nümayiş etdirməklə  yanaşdı.

Onun Ana Vətən Partiyasına partiyadan çıxarılandan sonrakı münasibəti də bir etika nümunəsi idi və çox arzulayardım ki, Azərbaycan müxalifətinin radikal qanadında da buna oxşar hadisələr olsun. Bununla yanaşı,  Zahid Oruc da, təbii ki, digər namizədlər də kimin qarşısında alternativ olduqlarını yaxşı bilirlər. Onlar hamısı kifayət qədər ağıllı və təcrübəli insanlardır.

Onlar bilirlər ki, İlham Əliyevə qalib gəlmək, yaxud, prezident olmaq üçün seçkilərə qatılmırlar. Sadəcə, müəyyən problemləri, ola bilsin ki, içərilərində gəzdirdikləri problemləri cəmiyyətə çatdırmaq, yaxud , gələcək seçkilərdə, belə demək mümkünsə, parlament seçkilərində, ya da  siyasi həyatlarında uğurlar qazanmaqdan ötrü bir daha özlərini cəmiyyətə etmək, potensiallarını ortaya qoymaq cəhdində bulunurlar”.

M.Quliyev bu baxımdan hesab edir ki, Azərbaycanın  demokratik, dözümlü siyasi tolerant bir cəmiyyət kimi formalaşmasında  bunların xidmətləri olacaq:

“Amma təbii ki, istər Zahid Oruc olsun, istər başqa namizədlər, onlar hamısı dərk etməlidirlər ki, həqiqət, reallıq nədən ibarətdir və Azərbaycan xalqının 90 faizindən çoxu hansı  istəkdədir. Bununla belə, bir daha Zahid Orucun bu addımını təqdirəlayiq hesab edir və ona fəaliyyətində uğurlar arzulayıram”.

Qaynar.info