Siyasət 15:11 04.05.2013

YAP-dan Söyün Saqıdova -CAVAB

Aydın Mirzəzadə: “Onun Azərbaycan üçün nəyisə deməsi maraqsızdır”

“Bu, Gürcüstanın daxili işidir. Həmin məsələyə də Gürcüstan dövləti özü qiymət verəcək”. 

Bunu Qaynar.info-ya Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisə deputat seçilmiş Aydın Mirzəzadə Söyün Sadıqovun Gürcüstanda hərəkat yaratmasına münasibət bildirərkən deyib. O bildirib ki, onun yaradacağı təşkilat Azərbaycan cəmiyyətinə aid olmayan məsələdir: “Bütün məsələlər Gürcüstan cəmiyyətinə aiddir, o cümlədən, orada yaşayan Azərbaycan icmasının cavab vermək iqtidarındadır”.

YAP-çı deputat Söyün Sadıqovun Azərbaycan hakimiyyəti ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Söyün Sadıqovun Azərbaycanla bağlı səsləndirdiyi fikirlər maraqsızdır. O, Azərbaycan vətəndaşı deyil, ölkənin siyasətində iştirak etmir, həmçinin beynəlxalq birliklərdə nə güc sahibir, nə də tanınmış bir şəxsiyyətdir. Ona görə də onun Azərbaycan üçün nəyisə deməsi maraqsızdır”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti Söyün Sadıqov Gürcüstanda azərbaycanlı gənclərdən ibarət hərəkat yaradır. “Milyarderlər ittifaqı” kimi də məşhurlaşan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının üzvü olan S.Sadıqov bildirib ki, gənclər hərəkatı hazırda təşkilatlanma ərəfəsindədir və hərəkata dəstək verir. Hərəkatın təsis konfransı mayın 7-də Tiflisdə olacaq. S.Sadıqov özü də konfransda iştirak etməyi planlaşdırır. Onun sözlərinə görə, belə bir hərəkatın yaranmasının vaxtı çoxdan yetişib. “Azərbaycanlılar Gürcüstanın köklü xalqlarındandır. Konstitusiyaya görə onlar ölkənin qalan vətəndaşları kimi bütün hüquq və öhdəliklərə malikdir. Ona görə də azərbaycanlıların çoxmillətli Gürcüstan cəmiyyətinə inteqrasiyası, fəallaşması üçün gənclər hərəkatına ehtiyac var”.

İlkin
Qaynar.info