Siyasət 18:08 16.08.2013

YAP rəsmisi Milli Şuranın mitinqində iştirak edəcək

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın avqustun 18-də keçiriləcək mitinqi barədə münasibət bildirib.

S.Novruzov Hafta.az-a açıqlamasında bildirib ki, MŞ-nın bu mitinqini də müşahidə edəcək: “Təbii ki, mütləq bu mitinqdə də iştirak edəcəyəm”.

YAP funksionerinin sözlərinə görə, bu mitinqdən heç bir uğur gözləmək olmaz: “Milli Şuranın elektoratı, sosial bazası yoxdur. Milli Şura ayr-ayrı partiyalar, İctimai Palata və bu kimi qurumların bənzəridir. Sadəcə olaraq, adını dəyişiblər. Bir neçə dəfə mitinq keçiriblər, amma sosial bazanın olmamasının nəticəsi olaraq az adam toplaşıb. Sonradan mitinqləri icazə verilən yerdə deyil, icazə verilməyən yerdə keçirməyə başladılar. Budəfəki mitinqdə də 600-700 adam toplaşacaq, 1000-dən çox olmayacaq. Bir neçə mitinq keçirəndən sonra yenidən Fəvvarələr meydanı və başqa yerin seçilməsi haqqında fikir söyləməyə başlayacaqlar”.

S.Novruzov vurğulayıb ki, 20-ci sahədə mitinq keçirmək üçün hər cür şərait var: "Həm şəhərin mərkəzidir, həm də təhlükəsizlik tədbirləri var. Buyurub keçirsinlər. Azərbaycanda həmişə sərbəst toplaşma azadlığı yerinə yetirilib. Sadəcə, bəzi qüvvələr qanunun tələblərini yerinə yetirmədən onu pozmağa çalışıblar”.

Qaynar.info