Xəbər lenti

Yaponiya və Almaniya ilk dəfə birgə quru qoşunları təlimləri keçirəcək
Dünya 17:12 07.05.2024

Yaponiya və Almaniya ilk dəfə birgə quru qoşunları təlimləri keçirəcək

Çinin Hind-Sakit okean regionunda hərbi cəhətdən güclənməsi fonunda Almaniya ordusu gələn ilin əvvəlində Yaponiyanın Quru Özünümüdafiə Qüvvələri ilə təlimlərə qatılacaq.

Qaynarinfo "Kyodo”ya istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib

Almaniyanın müdafiə naziri qeyd edib ki, Yaponiyada baş tutacaq qarşıdan gələn birgə təlim iki ölkənin quru qoşunları arasında ilk dəfə olacaq.

Pistorius həmçinin qeyd edib ki, Pekin sahil mühafizəsini, dəniz polisini, dəniz və hava qüvvələrini Tayvan ətrafındakı sularda yerləşdirməyə davam etdiyindən Çinin Cənubi Çin dənizindəki ərazi iddialarından əl çəkəcəyinə dair heç bir əlamət yoxdur.

"Biz bu hadisələri narahatlıqla izləyirik", - müdafiə naziri Çinin qlobal sülh və sabitlik üçün əhəmiyyətli məsuliyyətini vurğulayaraq deyib. O, həmçinin Çinin Almaniyanın tərəfdaşı olduğunu qeyd edərək, bu əlaqələrdən yararlanmağın vacibliyini vurğulayıb.

Pistorius Almaniya ordusunun rəsmilərinin gələcək təlimlərdə iştirakını əlaqələndirmək üçün bu yaxınlarda Yaponiyaya səfər etdiyini bildirib. Bu əməkdaşlıq materialların mübadiləsini və maddi-texniki dəstəyi asanlaşdırmaq məqsədi daşıyan müdafiə paktının bağlanmasından sonra həyata keçirilir.
Bundan əvvəl iki ölkənin donanması və hərbi hava qüvvələri də birgə təlimlər keçirib. O da məlumdur ki, Almaniya bu il Hind-Sakit okean regionuna freqat, təhcizat gəmisi və təyyarələr göndərmək niyyətindədir.

Avqust ayında Almaniyaya məxsus bir freqatın Yaponiya limanına daxil olacağl gözlənilir və Avropa ölkəsinin döyüş təyyarələri iyul ayında Yaponiya Hava Özünümüdafiə Qüvvələri ilə birgə təlimlərə qatılmağı planlaşdırır.

"Hərbi ekspertlərimiz bizə deyirlər ki, Rusiya nəzəri olaraq 5-8 il ərzində NATO ərazisinə hücum edə bilər. Moskvanın bu riskə gedib-getməyəcindən asılı olmayaraq, biz hər şeyə hazır olmalıyıq", - almaniyalı nazir deyib.

Qeyd edək ki, G7 müttəfiqləri son illərdə həm ikitərəfli, həm də daha geniş koalisiya çərçivəsində çoxsaylı birgə hərbi təlimlər keçiriblər.

Belə ki, daha əvvəl məlum olub ki, Yaponiya və Fransa qoşunlara qarşılıqlı çıxış haqqında saziş üzrə danışıqlara başlamağa, beləliklə, Hind-Sakit okean regionunda artan gərginlik və Ukraynadakı müharibə fonunda hərbi əməkdaşlığı gücləndirməyə razılaşıblar.

Danışıqlar zamanı ölkələr bir-birlərinin müdafiə sənayesində daha böyük rol oynaya biləcəklərini vurğulayıblar. Fransa həmçinin Yaponiyaya mülki nüvə enerjisi sektorunda öz məhsullarını təklif etmək niyyətindədir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->