Lalə Niftaliyeva 

Bəzən düşünürəm ki, biz o qədər tələsirik ki... İşə, evə, görüşə və bir-birimizə. Bir də görürük o qədər tələsmişik ki, bu tələskənlikdən bir-birimizə gecikmişik. Əşi ağlın niyə qarışsın axı? Burda qarışıq düşəcək heç nə yoxdur. Artıq uzun zamandır bir abzasdan çox heç nə yaza bilmirəm. Beynim müxtəlif cümlələri əllərimə diqtə edir və nəsə yazmağa çalışıram, amma olmur. Nə uşaqlıq xatirələrim, nə sevgilim, nə dostum daha məni təsirləndirmir.

Amma bu gün 4 gəncin öz rizaları ilə həyatdan imtina etmələri mənim cəsarətsizliyimi bir daha üzümə vurdu. Neçə dəfə intihara cəhd edən biri kimi bu gənclərin cəsarətinə heyran oluram. Axı hansı güc insanı ən çox sevdiyi sularda boğulmağa vadar edə bilər? Bütün günü xəbər sayıtlarından müharibədə ölən uşaqlar, ac qalan insanlar görürük. Küçədə dilənən uşaqlar, valideyinləri tərəfindən atılan körpələr, qocalar evində kimsəsiz qalan valideyinlər... Daha nələr sayım, ey mənim gənc dostlarım? 

Mənə "hərənin dərdi özünə div olar” deməyin, xahiş edirəm. Axı bizim gənclik dərd görməyib. Məişət səviyyəsində özümüzə problem yaradıb onun içində oyalanmağa nə qədər vaxt sərf edəcəyik axı? Bu dünyanın qara daşı göyərir, əziz dost. Həm də necə göyərir. Heç bir dərd solub, yenidən dirilən təbiətdən, dənizin və göy üzünün maviliyindən, dəfələrlə aşiq olmaqdan, ac qalıb bir tikə çörəyə möhtac qaldığın vaxt keçirdiyin hisslərdən dəyərli ola bilməz. Hə, ac qalmaq, möhtac olmaq və ehtiyac hissi də təbiət kimi gözəldir. Çünki sən özün də o yaşıllaşan, bərq vuran ulduzların, ümumiyyətlə bu kainatın bir parçasısan. Sən axı zamansızlığın sübutu, musiqilərin yardıcısı, şeirlərin mirasısan. Biz bir bütünük və eyni hisslərdən keçməyə məhkumuq. Biz yaşadığımız hər an özmüzə bir az daha yaxınlaşırıq. Sən isə bunları əlinin tərsi ilə itrsən. Hansı haqqla?

Əziz dost, necə bu qədər eqoist ola bilirsən axı? Səni boğan o dənizdən diri çıxmağına ümid edən doğmalarına etdiyin etiraflarını, bölüşdüyün xoş və pis hisslərində bu qədər eqoits davranmağa nə qədər haqqın var axı? Lap tutaq ki, sən həssas insansan və gördüyün ədalətsizliklərlə başa çıxa bilmirsən. Bizi yaradan qüvvə bütün bunları görüb intihar etmirsə, demək hələ yaşamağa dəyər. Yer kürəsi kainatda kiçik bir yer tutursa, demək ki, təsəvvür etdiyimiz qədər böyük yerdə yaşamırıq. Hələ kəşf edəcəyin o qədər şey var ki. Səni özünü tapmağa aparan milyonlarca yolda o qədər azmalısan ki... Səncə də çox əyləncəli deyil?
 
Həm öləndən sonra hər kəs yaxşı insan olur, inan mənə. Məsələn, bir gün Orxan Vəli ilə tanış ola bilərsən. Onun misraları arasında "dünya yaşamağa dəyər bir yerdir” görərsən. Ya da qarşına bu yazı çıxar və ölümün astanasında bir səs bütün dərd, xəyanət, nifrət, göz yaşları sağ cana yaraşır, deyər. Elə mən ölmək istəyəndə, bir möcüzəli səs də mənə "Hər şey sağ cana yaraşır” demişdi.