Siyasət 14:01 09.10.2018

Yaşca cavan, xasiyyətcə qoca...

Hüseynbala Səlimov

Prinsipcə, daha qonşu Gürcüstanın dövlət və ya hökumət adamlarına baxıb ah şəkməyin yeri deyil: bizim telekanlalları da ötəri seyr etmək də yetər ki, xeyli gənc insanın çox mühüm postları tutmasından xəbərdar olasan.

Əslində bir insanın pozitiv dəyişikliklərə, sosial-iqtisadi, mədəni və ictimai-siyasi tərəqqiyə münasibəti, konkret olaraq siyasi dildə desək, islahatlara baxışı bilavasitə onun yaşından asılı keyfiyyət deyil. Böyük Den Syaopin Çində islahatlara başlayanda artıq çox ahıl bir yaşlarında idi. 

Amma bu adam mühafizəkar korpusun iradəsini qıra və ac-yalavac "səmaaltı imperiya”nı yeni bir həyata başlamağa vadar edə bildi. Onun nə qədər böyük iş görüdüyünə əmin olmaq üçün isə müasir Çinə baxmaq yetər.

Fəqət, bütün hallarda, gənclik tamamilə başqa məsələdir, onun davranışında və dünyagörüşündə illərin ətaləti və keçmiş təcrübənin yükü olmur, gənclər yeniliyi və tərəqqini daha tez götürür, onlara meylli olur və bu tendensiyalara daha tez alışırlar.

Azərbaycanda total islahatlar əlbəttə, bilavasitə bizim gənc məmurlarımızdan asılı məsələ deyil, onlara ən birinci missiyalar həvalə olunmur. Amma tutaq ki, nazir postu heç də kiçik vəzifə deyil və bu cür postları tutan gənclərimiz hətta sırf öz postlarında da dünyadakı mütərəqqi təcrübə və metodları tətbiq edə bilsələr ölkə üçün böyük iş görmüş olarlar.

Demirik ki, belə cəhdlər yoxdur: modern təcrübə və dünyadakı yenilikləri burada da tətbiq etmək – belə təşəbbüslər bir daha deyirik ki, yetərincədir. Amma bunlar böyük dəşiyikliklərə gətirib çıxarmır – bəli, hər yeni kadr nəsə pozitiv bir şey gətirir ölkə həyatına, amma neqativi də köklü şəkildə azaltmır. 
Yeni iş təcrübəsinin tətbiq olunması, yeni metodlara yiyələnmək, məsələn, konkret olaraq elektron hökumət modelinin geniş tətbiqinə başlanılması məmur-vətəndaş təmaslarını xeyli azaldıb ki, bunun da ən azı korrupsiyanın cilovlanması baxmından çox mühüm əhəmiyyəti var, çünki bizim kiçik və orta təbəqə məmurlarımızın bir hissəsi (əlbəttə ki, hamısı yox, bir hissəsi!) heç də metro stansiyalarının giriş-çıxışlarında lövbər salan qaraçılardan geri qalmırlar. Son illərdə aparılan dəyişikliklər sayəsində insanlarımız onlarla təmasda olmaq əzabından xeyli dərəcədə xilas olublar ki, heç bunun özü də az iş demək deyildir. 

Amma ayrı-ayrı sahələrin bu gün ən böyük problemi nədir? Bizə elə gəlir ki, üç əsas nəzarət mexanizminin (ictimai, parlament və məhkəmə nəzarəti) kasadlığından savayı bir ciddi problem də yaşanır ölkədə: bu da ilk olaraq büdcə vəsaitlərinə nəzarət məsələsidir.  

Hazırda burada çox ciddi çatışmazlıq var. Bəs bunları nədən bilmək olur? Hər hansı nazir vəzifəsindən kənarlaşdırılandan sonra elə böyük korrupsiya faktları aşkarlanır ki, adam lap dəhşətə gəlir!.. 

Aydın məsələdir ki, korrupsioner məmurların "gəlir səbəti” bir neçə mənbədən "daxilolma”lar hesabına formalaşır, amma bunların mühüm bir komponenti də bilavasitə büdcə vəsaitləridir: onların böyük hissəsi öz təyinatı üzrə xərclənmir və yaxud da səmərəli şəkildə xərclənmir, çox ciddi şəkildə şişirdilir və mənimsənilir. 

Bir daha deyirik ki, hazırda bu, ölkənin ən mühüm problemlərindən biridir. Əlbəttə ki, büdcə vəsaitləri tamamilə nəzarətsiz deyil, onlara da nəzarət var, amma ya bu nəzarət effektiv şəkildə təşkil olunmur, ya da  işin özünün təşkilində ciddi nöqsanlar və korrupsiya halları vardır – hər halda, meqa - korrupsiya halları, bir daha deyirik ki, nazirlər vəzifədən ayrılandan sonra açıqlanan faktlar bunları deməyə əsas verir...

Gənclik həm də yeni dünyagörüşü, yeni baxış deməkdir. Təəssüf ki, neqativ hallar bir "məmur mentaliteti”nin olduğunu da deməyə əsas verir və bu "mentalitet” klassik anlamdakı mentalitetdən heç də az əngəl demək deyildir, böyük tormozlayıcı qüvvədir. Gənclər bu müstəvidə çox ciddi dəyişikliklər apara bilərlər.

Fəqət, ən qorxulusu heç bilirsinizmi nədir? Bəzən bu və ya digər vəzifələrə təyinatlar aparılarkən adi gənclərdən yox, "qızıl gənclər”dən söhbət gedir. Düşünürük ki, "qızıl gənclik” ifadəsinin mənasını açmağa ehtiyac yox– bunlar adətən siyasi elitanın övladları olurlar. Bir çox halda bu gənclər artıq əvvəldən müəyyən "dünyagörüşünə və təcrübəyə” malik olurlar ki, bu da yaşlı insanlarınkından heç də fərqlənmir. 

Bax, bu halda çarəsiz bir duruma gəlib çıxırıq, sanki əcəl zənciri qapanır, hansısa ciddi bir dəyişikliklərin olacağı ilə bağlı ümidləri dəfn etmək lazım gəlir, çünki "atalarının gül balaları” son nəticə etibarilə bizə yaxşı heç nə vəd etmirlər və burada gənclik sözünü sırf bioloji anlamda başa düşmək lazım gəlir və son olaraq qəribə idarəçilik modeli yaranır: yaşca cavan, xasiyyətcə isə qoca, qarımış məmurların idarəçilik modeli...