Sağlamlıq 23:20 28.04.2018

Yaşlanmanı xəstəlik kimi müalicə etmək olarmı?

Biz həyatımıza təsir edən xəstəliklər barədə daha çox öyrəndikcə onlara nəzarəti də artıra bilirik. Bəs görəsən nə vaxtsa yaşlanmanın qarşısını almaq bizə nəsib olacaqmı?

İnsanın məğlub edə bildiyi xəstəliklərin siyahısı diqqət çəkir - poliomelit, yatalaq, qızılca, tetanus, qara qızdırma, çiçək xəstəliyi, difteriya və suçiçəyi dünyanın bir çox yerlərində demək olar ki, tamamilə aradan qalxıb.

Peyvənd və güclü dərmanlar bizim təhlükəli bakteriya, parazit və viruslara qarşı mübarizəmizə imkan yaradıb.

Lakin tarix boyu insanlar yaşlanmadan xilas ola bilmirlər. Yaşlandıqca bizim bədənimizdəki hüceyrələr fəaliyyətini dayandırır və bəzənsə xərçəngə, ürək xəstəliklərinə, artrit və Alzheimer xəstəliklərinə səbəb olacaq şəkildə inkişaf edirlər.

Ümumiyyətlə yaşlanma ilə bağlı xəstəliklər hər gün 100 000 ölümə səbəb olur.

Bəzi araşdırmalara görə isə bizim məsələyə yanaşmamız yanlışdır. Onların fikrincə biz yaşlanmaya xəstəlik kimi baxmalıyıq və onun müalicəsi mümkündür.


Yaşlanmanın qarşısını almaq mümkündürmü?

Onları ümidləndirən isə bioloji yaşlanmanın müalicə edilə biləcəyini iddia edən son tapıntılardır. Bioloji perspektivdən bədənimiz irsi və ətraf mühit faktorlarına uyğun olaraq fərqli şəkildə yaşlanır.

DNT və hüceyrələrimizdə əmələ gələn kiçik xətalar toxumaların zədələnməsinə səbəb ola bilirlər. Bu dəyişikliklərin ölçüsü isə sağlam və xəstə yaşlılığı şərtləndirir.

Dünyadakı bir sıra araşdırma mərkəzləri bioloji yaşlanmanın qarşısını almaq üçün müəyyən yollar tapıblar.

Heyvanlar üzərində tədqiqatlar göstərir ki, bəzi canlıların ömrünü dramatik şəkildə uzatmaq mümkündür. Bu isə insanları ümidləndirir.


Aubery De Grey yaşlanmanı əngəlləmək məqsədini qarşısına qoyub

Diabetdən müalicə üçün nəzərdə tutulmuş dərman olan metformin gəmiricilərin ömrünü uzatmağa qadirdir.

Hazırda Calico Labs araşdırma şirkətində yaşlanma araşdırmaları üzrə vitse prezident olan Cynthia Kenyon 1990-cı illərin əvvəllərində nümayiş etdirib ki, askarid qurdlarının genetik kodunda bir dəyişikliklə onların ömrünü üç həftədən altı həftəyə uzatmaq mümkündür.

Yaşlanma ilə bağlı radio verilişimizdə insan ömrünün araşdırılması üzrə tanınmış şəxslərdən biri olan Aubrey De Grey insan ömrünün də bu şəkildə uzadıla biləcəyini deyir.

O bildirir ki, onların məqsədi orta və daha yaşlı insanlar üçün elə müalicə yaratmaqdır ki, onlar fiziki və əqli cəhətdən 30 yaşdan az insanlar kimi olsunlar. "Əlbəttə ki, onların yaddaşını silmədən", o əlavə edir.

De Grey deyir ki, onlar "30 və 70 yaş arasında baş verən və istəmədiyimiz dəyişiklikləri düzəltməyə" çalışırlar.

O iddia edir ki, yaşlanma və yaşlanma ilə əlaqəli xəstəliklərə səbəb olan yeddi bioloji faktor mövcuddur.

Bura toxumadakı hüceyrələrin yetərincə tez yenilənə bilməməsi, hüceyrələrin xərçəngdə olduğu kimi nəzarətsiz çoxalması, ölməli olduğu halda hüceyrələrin ölməməsi (daha bir xərçəng problemi), mitoxondriya, hüceyrədə tullantıların yığılması, hüceyrələrin kənarında tullantıların yığılması və hüceyrələrin kənarındakı şəbəkə strukturun bərkiməsi daxildir.

De Grey və Sens Araşdırma Fondundakı komandası bildirir ki, onlar bu problemlərdən hər biri ilə mübarizə yollarını aşkar ediblər.

Birinci problemin, yəni çox az hüceyrəyə malik olmağın həlli hüceyrələrin müalicəsindən keçir, De Grey deyir.

Bu, toxumalarda yaşlanma zamanı ölmüş hüceyrələri yeni və gənc hüceyrələrlə əvəzləyir.

Digər problemlər isə, məsələn, ölməli olduğu halda hüceyrələrin ölməməsi üçün daha mürəkkəb həll yolu tələb olunur.

De Grey düşünmür ki, yaşlanmanın qarşısını bu yollarla tamamilə almaq mümkün olsun. Lakin beləcə xəstələrin ömrünü təxminən 30 il uzatmaq mümkün ola bilər.

Onun təsəvvür etdiyi gələcəkdə "cavanlaşma texnologiyaları" yaşlı insanlara tətbiq edilməklə onların hüceyrələrini gənclik illərində olduğu hala gətirmək mümkün olacaq.

Bütün ideya ondan ibarətdir ki, 60 yaşında müalicə olunan şəxs bioloji olaraq 30 yaşında insana çevriləcək.

Lakin müalicələr problemi daimi həll etmədiyi üçün hüceyrələr 30 ildən sonra yenidən 60 yaşına çatacaq.

Buna qədər isə De Grey ümid edir ki, yeni müalicələrlə eyni prosesi təkrarlamaq mümkün olsun.

Lakin belə iddialara gələndə diqqətli olmaq da lazımdır. Bədənimizin bu cür yenilənməsinə dair heç bir təcrübi sübut mövcud deyil.

Kompüterlərdə olduğu kimi, həddən çox yeniləmələr sayəsində bədənimiz dayana bilər.

Lakin De Grey hesab edir ki, bu cür yanaşmalar yaşlanmaya qarşı texnologiyaların inkişafına mane olur. O deyir ki, biz yaşlanmanı qarşısıalınmaz proses kimi qəbul edirik və onun yaratdığı problemlərə mane olmağın mümkünsüz olduğunu düşünürük.

O yaşlanma ilə bağlı xəstəliklərin sağalmasının mümkün olduğuna inanan yeganə insan deyil.

Harvard Tibb Məktəbində genetik kimi çalışan George Church bildirib ki, yaşlanma ilə bağlı xəstəliklərin mürəkkəb olduğu üçün müalicə oluna bilinməyəcəyi fikri ilə razı deyil.

"Ətraf mühit və genetikaya nəzarət edə bilsəniz insanların daha uzun və sağlam həyatına nail olmaq mümüknüdür", Church deyir. "Sənayeləşmiş ölkələrdə xəstəliklərin əksəriyyəti yaşlanma ilə bağlıdır və məncə bu problemlərin qarşısını almaq mümkündür".


Gənc insanlardan qan köçürülməsi yaşlanmanı yavaşıda bilərmiʔ

İnsan ömrünün uzadılmasına dair geniş yayılmış fikirlərdən biri də, "vampir müalicəsi" adlanan ideyadır.

Son sınaqlar zamanı 18-30 yaş arası gənc insanlardan demensiya xəstələrinə qan köçürülməsi müsbət nəticələr verib.

Erkən Alzheimer xəstəliyi olan insanlar yuyunmaq, özləri geyinmək və ya ev işlərini görmək kimi bacarıqlarını bərpa ediblər.

Artıq ABŞ-da yerləşən bir start-up şirkəti Ambrosia öz müştərilərinə 16-25 yaşlı şəxslərdən qan köçürülməsi xidmətini təklif edir. Bi xidmətin qiyməti isə 8000 dollardır.

Şirkət iddia edir ki, bu cür qan köçürmələri yaşlı insanlardakı süst hüceyrələrin fəaliyyətini artırıb, erkən Alzheimer xəstələrinin vəziyyətini yaxşılaşdırıb və təxminən 60 yaşlarında olan şəxsin ağ saçlarını qaraldıb.

Heyvanlar üzərində həyata keçirilən bəzi təcrübələr göstərir ki, bu müalicələrin effektliliyinə dair bioloji əsaslar ola bilər.

BBC Future aşkar edib ki, heyvanlar üzərində həyata keçirilmiş bəzi sınaqlar onların daha uzun yaşamasına yol aça bilər.

Digərləri isə hesab edir ki, uzunömürlülüyün açarı hər gün istifadə edilən kalorilərin miqdarının azaldılmasıdır.

Bəs ölümü "müalicə" etmək mümkündürmüʔ Belə təkliflər mövcuddur ki, ölümdən dərhal sonra insanın beyni və ya bədəni dondurulsun və gələcəkdə texnologiya yetərincə inkişaf etdiyi zaman yenidən canlandırılsın.

Hətta bir sıra şirkətlər varlı müştərilərinə bu xidməti təklif edir, məsələn, Alcor Life Extension Foundation şirkəti kimi.

Lakin indiyə qədər onların müştərilərindən heç kim buz kabinələrindən dirilməyib.

Google şirkətinin mühəndislərindən biri olan Ray Kurzweil isə əbədiliyə (ən azı rəqəmsal olaraq) nail olmaq üçün "ağıl köçürülməsini" təklif edib.

Lakin buna necə nail olunmasından asılı olmayaraq, insan ömrünün onilliklər və ya yüzilliklər uzadılması bir sıra sosial problemləri də ortaya çıxaracaq.

Bir çoxları ehtiyat edir ki, bütün bunlar insanların, planetin gücü yetməyəcək qədər artımına səbəb olacaq.

De Grey bildirir ki, ona tez-tez bu barədə suallar verirlər ki, onun çalışdığı texnologiyalar varlı tiranların ömrünün uzadılmasına xidmət edə bilərmi və ya insanlar həyatlarının uzadılmasından bezə bilərlərmiʔ

O isə hesab edir ki, digər texnologiyalar - misal üçün, süni ət, duzlu suyun şirinləşdirilməsi, günəş enerjisi və s. planetin tutum imkanlarını artıracaq və daha çox insanın uzun ömür yaşamasına imkan yaradacaq.

Son iki əsrdə tibbin inkişafı onu göstərib ki, biz xəstəlikləri məğlub etmək gücündəyik. Bəlkə də biz beləcə yaşlanmaya da qalib gələ bilərik.

Mənbə: BBC