Lalə Niftaliyeva 

Yuxu göz qapaqlarımdan elə pis sallanıb ki, elə bilirəm yerə düşəcək. Bu yuxuya da oxşamır, çünki gözlərimi yummaq yerinə daha çox aşağı baxmaq istəyirəm. Biz hamımız aşağı baxmaq istəyirik. Tanrını da göydə axtarmışıq uzun illər. Onun yanına çıxmaq üçün uca dağları fəth edənlər olub, ondan nəsə istədiyimiz zaman ovcumuz da göyə baxır. Ona parıldayan ulduzların arasında nə saraylar tikmişik, nə evlər, nə mələklər sırımışıq. 
 
Yox mənim onunla nə işim, ya da sizinlə. Eləcə göz qapaqlarımı ağırlaşdıran halımla əlləşirəm. Deyəsən, intihar etməyə yer tapmayan xatirələrdi özlərini kipriklərimdən asıblar. Hər dəfə sizdən, özümdən, dərddən, qəmdən nə bilim o qədər mənasızlıqdan yazırıq ki... Amma bu yazılardan sizə nə, nə olsun ki, biz bədbəxt və cahilik. Bu ki, bizim günahımız deyil. O sarayda oturan edib, nə edibsə. Mən şikayət edirəm, səndən, özümdən, bizdən, sevgilimdən, dostumdan, yer kürəsindən, enerjidən say-say bitməz. Deyirlər ki, "əlinizdə olanların qədrini bilin". Yaxşı bəs nə var bizim əlimizdə? Keçən günlərdə TV kanallarımızın birində verlişə qonaq çağırıblar məni. Köhnə kişi cinsindən olanlar və müasir gənclər, bizim fonumuzda da ədəbi qarşılaşdırmalar. Qonaqlar arasında ilk dəfə gördüyüm Sərvər Məsum adlı bir köhnə nəslin nümayəndəsi var idi. Mən canıyanmış axı saçımı dibindən kəsmişəm. Kişi məni gördü, rəngi qaçdı. Dedi ki, "Müasir ədəbiyyat bu qız kimi çılpaq qalacaq". 
 
Verlişdən sonra yaxınlaşıb deyir ki, "Bəs, məndən incimə, bu bir şoudur". Baxın, bayaq verdiyim suala cavab tapdıq, nədir axı əlimizdə olanlar? "Şou"!
Ədəbiyyatı qoyuram bir qırağa. Heç ondan danışmaq istəmirəm. Bir adam ki, şairliyi göydələnlərə çıxıb ulamaqda görür, onunla ədəbiyyat haqqında danışmasaq da olar. Biz nə qədər milliyik, əziz oxucular? Milli olmaq üçün nə etmək lazımdır? Boz qurd işarəsi ilə foto çəkmək, ya bayrağa bürünmək, bəlkə "bir bəyənmə, bir amindi" başlığı ilə şəhidləri anmaq? 
 
Mən bütün günü insanları ələ salıb, toy gecəmdə yataq otağıma üçüncü şəxsi qəbul edib (yengəni deyirəm), övladlarımın həyatını cəhənnəmə döndərib, ancaq və ancaq qeybət edib, bütün məqsədi qonşunun evindən hündür ev tikmək istəyən milli dəyər istəmirəm, qadan alım.
 
Bizim yaşlı nəsil çox yaltaqdır, ona görə də bizi qəbul edə bilmirlər. Amma hamı mənim kimi çılpaq deyil axı. Ənənələri davam etdirib boynuna qalstuk taxan gənclərimiz də var.
 
Qalstuk demişkən, bizim "milli dəyərlər"imizin önündə bu qalstuk gəlir. Elə ki, boynuna keçirdin olursan it kimi vəfalı. Dilindən tərif, ruhundan qorxu hissi əksik olmur. Bunun səbəbi özünü tapmamaqdır. Övladlarını da öz standartlarına salıb, arxasıyca sürüyən adamların yanında kim özünü necə tapsın ki? Hansı təcrübələrdə yiyələnsinlər axı? Sonra da kişi-kişi durub deyirlər ki, "Biz sizə müstəqil dövlət vermişik". Vermisiniz lap yaxşı. İndi imkan ver, sənin oğlun bu dövləti qursun da, a kişi. Niyə biz sizin kimi qorxaq olmalıyıq və ya niyə sizdən qorxmalıyıq? Sizin yerinizə özüm cavab verəcəm. Çünki siz bu suala cavab verməli olsanız, deyəcəksiniz ki, "Adam böyüyə hörmət edər, mən səndən yaxşı bilirəm hər şeyi". Ona görə də siz susun, mən sizin içinizdəkiləri deyim. Çünki siz o qalstuku boğazınıza keçirən tərəfindən eqosu zəifləmiş şəxsiyyətə çevrilmisiniz. Amma belə olmaz. Özünüzü bir yerdə təsdiq etmək ehtiyacınız var. Bunun üçün evdə arvad-uşağınız, metroda təpikləməyə gənclərimiz var. Bir dostum demişkən, rahat olun. Günah sizdə deyil, sizə təpiklə cavab verməyən gənclikdədir. Onların da boynuna qalstuk keçirib arxanızca sürüyürsünüz. 
 
Əzizlərim, milli olmaq üçün bayrağa bürünmək, qurd kimi ulamaq lazım deyil. Əsas olan odur ki, özünüzü sərhədləmədən kim olduğunuzu tapın. O zaman hamımız birgə deyəcəyik ki, "Vətənə, millətə xeyirli-uğurlu olsun"!

Qaynarinfo.Az