Sui-qəsd nəticəsində öldürülən Yəmənin sabiq prezidenti Əli Abdulla Saleh sui-qəsd, ittifaq və xəyanətlərlə dolu siyasi həyatı ilə Yəmən tarixinə damğa vuran şəxsdir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 2011-ci ildə bombalı hücuma məruz qalan, lakin xilas olmağı bacaran Saleh paytaxt Sənanı tərk etməyə çalışan zaman öldürülüb. Hakimiyyəti geri qaytarmaq üçün sona qədər mübarizə aparan, ölkəsində vətəndaş müharibəsinin başlamasına səbəb olan şəxslərdən olan sabiq prezident 1978-ci ildə hakimiyyətə gəlmiş, 33 il ölkəni idarə etmişdi. O, Yəməni idarə etməyi "İlan başlarının üzərində rəqs" sözləri ilə ifadə edirdi.
 
Əli Abdulla Saleh prezident seçilən zaman ölkədəki ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri onun 6 ay ərzində öləcəyini və Yəməndə iqtidar mübarizəsində ölən sonuncu prezident olacağını demişdi. 
 
 

Əli Abdulla Saleh prezidentliyi dövründə vətəndaş müharibəsinin getdiyi Şimali və Cənubi Yəməni birləşdirib. Bu müddət ərzində mübarizə aparan dini təşkilatlar və ən əsası İranın dəstəklədiyi Husilərlə daha sonradan əməkdaşlıq edib. 2014-cü ildə Husilərlə birləşərək Sənanı ələ keçirmiş, lakin son dövrlər Husilərlə münasibəti pisləşmiş, İranın əsas düşməni Səudiyyə Ərəbistanı ilə yaxınlaşmağa çalışmışdı. Elə bu mövqeyi ona baha başa gəldi. O, özü və ya oğlu Əhməd Əlinin ölkənin lideri seçilmə ehtimalı olan bir dövrdə öldürülüb.
 
 

Avqust ayında Sənada Salehin müttəfiqlərindən biri öldürülmüş və Saleh-Husi ittifaqında ciddi dəyişikliklər baş vermişdi. Bu dövrdə Səudiyyə mediası Əli Abdulla Salehi diktator yox, sabiq prezident adlandırmağa başlamışdı. Son günlərdə isə Saleh və Husi qüvvələri arasında qarşıdurmalar şiddətlənmiş, dəfələrlə İran səfirliyinə hücumlar təşkil edilmişdi. Öldürüldüyü gün evi bombalanan sabiq prezident Husilərdən qaçarkən qətlə yetirilib.

Vətəndaş müharibəsinin başlamasına səbəb olan qüvvələrdən olsa da, prezidentin ölümü ölkədəki mövcud vəziyyətin düzəlməsi üçün heç bir ümid vəd etmir və Yəməni qeyri-müəyyənliyə doğru aparmağa davam edir.

Gülşən