Yeni Baş nazirin kim olacağı ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda millət vəkili Zahid Oruc bu vəzifəyə kimin təyin ediləcəyi ilə bağlı açıqlama verib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, millət vəkili Zahid Oruc yeni Baş Nazirin Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun təyin ediləcəyini anons edərək, təbriklərini çatdırıb.

O, Novruz Məmmədovun namizədliyinin bu gün Milli Məclisdə müzakirə ediləcəyini bildirib.
 


Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

Novruz Məmmədov 1-ci dərəcəli dövlət müşaviridir, 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisidir.

1997-ci ildən Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri,  2012-2017-ci illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini və 2017-ci ildən Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb.