Ölkə 14:09 11.12.2017

Yeni il öncəsi gedəcəyiniz yerlərlə bağlı vacib xəbərdarlıq - Ekspert məsləhəti

İstirahət günlərində, bayramlarda insanlar dincəlmək üçün xarici ölkələrə, yaxud rayonlarda yerləşən istirahət məkanlarına üz tuturlar. İstirahət məkanlarına gedən turistlərə getdikləri yerin xidmətləri, yeməklərin keyfiyyəti və digər istirahət üçün nəzərdə tutulan xidmətlər maraqlı olduğu kimi, istirahət məkanının təhlükəsizliyi də önəmlidir.
 
Xatırlatyırsınızsa bir müddət öncə Gürcüstanın Batumi şəhərində yerləşən otellərin birində güclü yanğın baş vermiş və nəticədə 12 nəfər həyatını itirmişdi. Faciədə insan təlafatının çox olmasının digər səbəbləri də onların təhlükəsizlik qaydalarından xəbərdar olmamaları və belə fövqəladə hallarda nə etməli olduqlarını bilməmələridir. 
 
Bu səbəbdən də Yeni il öncəsi xarici ölkələrə üz tutan soydaşlarımızın çox olduğunu nəzərə alaraq, onların istirahətə yollandıqları məkanlarda hansı təhlükəsizlik tədbirlərinə riayət etmələri lazım olduğunu öyrənmək üçün ekspertə üz tutduq.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bununla bağlı fikirlərini Qaynarinfo ilə bölüşüb. O, səyahətə yollanan insanların ilk növbədə getdikləri otelin təhlükəsizlik vəziyyətinin necə olmasına diqqət etməli olduqlarını bildirib:

"Otellərdə təhlükəsizliyinin təmini dedikdə öncə otelin fiziki olaraq qorunması nəzərdə tutulur. Bura otelin girişində olan stasionar mühafizə postundan tutmuş video nəzarət kameraları vasitəsilə müşahidə, nəqliyyatın yoxlanışı, texniki təhlükəsizlik, qida təhlükəsizliyi, sanitar-gigeyenik normalar, yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi, elektron informasiya təhlükəsizliyi daxildir. Bayram və digər tədbir günlərində otellərdə təhlükəsizlik daha da gücləndirilir. Əlavə işçi qüvvəsi, video nəzarət vasitəsi ilə ərazi və digər strateji yerlərə nəzarət artırılır, səyyar mühafizəçilərlə təhlükəsizliyin təmin edilməsi təşkil edilir".

Ekspert turistlər özünün oteldə hansı təhlükəsizlik qaydalarına əməl etməli olduqlarını da diqqətə çatdırıb:

"İlk növbədə otelin daxili qayda-qanunlarına hörmət etməklə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Yəni, ərazidə nəqliyyat vasitəsini idarə edərkən təyin olunmuş sürət həddini aşmamaq, qadağan olunmuş yerlərə girməmək, otel ərazisindən meşə sahəsinə çıxdıqda otel menecerlərindən məlumat almaq (meşədə ilan, əqrəb və s. olması təhlükəsini nəzərə alaraq), inzibatçısı olmayan atraksionlardan özbaşına istifadə etməmək, əyləncə vasitələrindən, qolf, katamaran, kvadrasikl və s. istifadə edərkən təhlükəsizlik qaydalarına riayət etmək, otelə özünüzlə tez alışan, partlayıcı, pirotexniki vasitələr gətirdikdə mütləq otel administrasiyasına xəbər etmək və uşaqları daim nəzarətdə saxlamaq lazımdır".

E. Nurəliyev fövqaladə vəziyyət zamanı otel personalı və turistlərin davranış qaydaları barədə də məlumat verib:

"Turistlərin çoxunun etmədiyi çox vacib bir nüans var. Otelə yerləşdiyi zaman inzibatçıdan fövqaladə hal baş verərsə, davranış qaydalarını öyrənmək. Bura ehtiyyat çıxış qapısının, yanğın söndürən balonun, fövqaladə vəziyyətdə toplanış yeri, kömək üçün çağrı nömrələri daxildir. Fövqaladə vəziyyətdə liftdən istifadə etmək olmaz. Təhlükəsizlik qaydalarına riayət etmək lazımdır ki, istirahətiniz xoş və yadda qalan olsun".
 
Çingiz Səfərli