Sənət 11:25 03.12.2017

“Yeni kitabıma görə oxucularım məndən möhkəm inciyə bilər” - Salam Sarvan

Tanınmış şair Salam Sarvanın yeni şeirlər kitabı çıxıb.
 
Qaynarinfo-nun verdiyi xəbərə görə, "Qanun” nəşriyyatında çap olunan kitab "Heykəl tənhalığı" adlanır.
 
Kitabla bağlı Kulis.az saytına danışan S.Sarvan qeyd edib ki, bu kitabı, əslində, ilk kitabım sayıram: "Ya da belə deyim - "Yeganə kitabım”. Əvvəlki kitabların heç birinin çıxmasında ciddi iştirakım olmayıb, onlar müxtəlif nəşriyyatların şəxsi təşəbbüsləriylə çıxdığından başdansovdu hazırlanıb, elə özüm də, ümumən, kitab məsələsinə laqeyd yanaşmışam indiyəcən. O kitabların heç biri indi məni ovutmur”.
 
Şairin sözlərinə görə, kitabın yarıdan çoxu yeni şeirlərdir. Köhnə şeirlərsə sərt süzgəcdən keçib, əvvəlki kitablarda gedən şeirlərin bir qismindən imtina olunub. Bəzilərində redaktə gedib.
 
S.Sarvan: "Mümkündü ki, 90-cı illərin oxucularının bir qismi məndən möhkəm incisinlər, ancaq anlaşılacağıma da ümid edirəm”.
 
Dünya poeziyasının indiki mənzərəsindən məlumatlı olduğunu qeyd edən şair açıqlamasını bu sözlərlə bitirib: "Qətiyyətlə deyə bilərəm: bu kitabı bütünlüklə xarici dillərə tərcümə edib adam arasına arxayınlıqla çıxarmaq olar. Hərçənd bu məsələlərlə məşğul olmaqda elə də həvəsli deyiləm”.
 
Kitabı şəhərin əsas kitab mağazalarından əldə edə bilərsiniz.