Ekonomiks 13:50 06.10.2018

"Yeni kombaynlar sahələrdən pambığı daha təmiz yığır, itkiyə yol vermir"

Ölkəmizin bütün pambıqçılıq rayonlarında olduğu kimi, Yevlaxda da pambıq yığımının qızğın çağıdır. Bütün qüvvələr "ağ qızıl”ın tez və itkisiz yığılması üçün səfərbər olunub. Bu işdə isə pambıqyığan texnikaların rolu böyükdür. Belə ki, pambıq tarlalarında məhsulun böyük hissəsi müasir kombaynlar vasitəsilə yığılır.

Yevlax rayon sakini Mətləb Məmmədov hələ sovet dövründən mexanizator işləyir. O, iki ildir "Aqrolizinq” ASC tərəfindən ölkəmizə gətirilən "Jonh Deere” markalı pambıqyığan kombaynı idarə edir. Mətləb Məmmədov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bu kombaynların üstünlüklərindən danışıb. Bildirib ki, "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümayəndəliyindəki təlim-tədris mərkəzində "Jonh Deere” markalı pambıqyığan kombaynların idarə olunması, texniki qulluq, istismar zamanı təhlükəsizlik tədbirləri və digər sahələr üzrə təlim keçib, nəzəri və praktiki imtahan verib. "Jonh Deere” markalı pambıqyığan kombaynların idarəetməsi xeyli asandır, manevretmə qabiliyyəti isə yüksəkdir. Bu kombaynlar həm də sərfəlidir. Çünki pambığı başqa kombaynlarla müqayisədə daha təmiz yığır, itkiyə yol vermir.
 


"Köhnə kombaynla bir gündə 3-4 hektar pambıq yığmaq mümkün idisə, bu kombaynla 8-10 hektarın məhsulunu toplayırıq. Tarlalardan bir gündə 17-20 ton məhsul yığıram. Artıq 90 hektardan 300 ton pambıq tədarük etmişəm. Mövsümün sonunadək 400 hektaradək sahədən məhsul yığmağı qarşıya hədəf qoymuşam", - deyə mexanizator bildirib.

Qeyd edək ki, keyfiyyəti və səmərəliliyi ilə seçilən "John Deer” şirkətinin pambıqyığan kombaynları yüksək məhsuldarlığa malikdir. Bu kombaynlar dörd cərgənin (cərgəarası 60-90 santimetr) pambığını qozalar 70-80 faiz açıldığı halda belə, bir dəfəyə yığa bilir. Nəticədə yığılan pambığın maya dəyəri də aşağı düşür.