İdman 13:54 12.08.2013

Yığmamız bütün rəqiblərini geridə qoydu

Avqustun 10-11-də Polşanın Spala şəhərində sərbəst güləş üzrə Vaçlav Zialkovskinin xatirəsinə həsr olunmuş 22-ci beynəlxalq turnir keçirilib.

Böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləşçilərimizin heyətində 10 güləşçi yer alıb. Azərbaycan Güləş federasiyasından ANS PRESS-ə verilən məlumata görə, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan sərbəst güləş yığmamız 64 xalla komanda hesabında turniri ilk sırada tamamlayıb. 13 güləşçi ilə mübarizə aparan Rusiya 41 xalla ikinci, 8 güləşçi ilə turnirdə iştirak edən Belarus isə 34 xalla üçüncü olub.

Ardıcıl olaraq moldovalı Mixail Sava, rus İlyas Bekbulatov, türk Mustafa Kaya, italiyalı Markuez Frank və finalda ukraynalı Andrey Kviatovskini üstələyən Ağahüseyn Mustafayev (66 kq) turnirin qızıl medalına sahib olub.

Aleksandr Qostiyev (84 kq) də qarşılaşdığı bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq türk Ahmet Bilici, alman Martin Obst, amerikalı Kris Perri və digər təmsilçimiz Məhəmmədhacı Xatiyevi məğlub edib. Finalda Türkiyə təmsilçisi Serdar Bökeni də üstələyən güləşçimiz turnirin qızıl medalına sahib olub.

120 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov da turniri birinci sırada tamamlayıb. Monqol Çulvunbat Jarqalsayxan, bolqar Lyuben İliev, alman Johannes Kessel, ABŞ təmsilçisi Tervel Dlagnev və belaruslu Aleksey Nikolayev güləşçimizlə bacarmayıb.

74 kq çəkidə mübarizə aparan Əşrəf Əliyev finala qədər maneəsiz irəliləyib. Final yolunda o, qazax Dastan Balabekov, Cəbrayıl Həsənov, Emin Əzizov və fransız Luca Lampisdən üstün olub. Finalda bolqar Kiril Terziyevə uduzan Əşrəf gümüş medulla kifayətlənib.

74 kq-da digər təmsilçimiz Cəbrayıl Həsənov ilk görüşündə monqol Unurbat Purevjavı məğlub edib. Daha sonra Əşrəf Əliyevə uduzan Cəbrayıl təmsilçimizin finala yüksəlməsi ilə bürünc medal şansı əldə edib. Təsəlliverici görüşlərdə qazax Dastan Balabekov və Emin Əzizovu mübarizədn kənarlaşdıran Cəbrayıl Həsənov bürünc medal uğrunda görüşdə fransız Luca Lampisdən üstün olub.

Mircəlal Həsənzadə (55 kq) və Məhəmmədhacı Xatiyev turniri 5-ci sırada tamamlayıb.

Qaynar.info