Ölkə 19:52 14.06.2018

Yol polisi yol hərəkəti qaydalarını pozan məzunları saxladı

Bu gün Bakıda bir neçə ərazidə məzunların avtomobillərdə sərnişindaşıma qaydalarını pozmaqla hərəkətinin şahidi olmuşuq.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, məzunların avtomobillərinin şüşələrini endirib, musiqiyə yüksək səs verməklə hərəkət etmələrinin qarşısı vaxtında alınıb: "Mən özümdə bu prosesdə iştirak etmişəm. Məzunlar 6-7 nəfər bir avtomobilə minib və avtomobili məzun yazılan bayraqla bəzəyərək, musiqiyə yüksək səs verərək hərəkət ediblər. Elə hərəkət edirdilər ki, sanki bu yol bir rəqs meydançasıdır".

Bölmə rəisi bildirib ki, yeddiyə qədər bu cür avtomobil yol polisi tərəfindən saxlanılıb və lazımi tədbirlər görülüb.