Ölkə 21:38 11.12.2017

Yol qəzasında ağır xəsarət almış hərbçimiz xəstəxanada öldü

Şəki rayonunda baş vermiş qəzada ağır xəsarət almış hərbçi xəstəxanada dünyasını dəyişib.

"Report”un Şirvan bürosu xəbər verir ki, dekabrın 9-da Yevlax-Zaqatala-Gürcustan magistral yolunda, Şəki rayonunun girişində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. 

Qəza zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında keçinib. 

Yaralılardan 4 nəfəri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına, digər Şəkiyə aparılıb. Dörd yaralı hərbçi daha sonra digər şəhərlərdə yerləşən hərbi tibb müəssisələrinə yola salınıb. Durumu nisbətən sabitləşən yaralılar - Murad Bağırov, Elvin Qasımlı və Rəşad Aslanlı Gəncə şəhərindəki hospitala göndərilib.
 
Başından ağır xəsarət alan və kritik durumda olan 1994-cü il təvəllüdlü, Salyan rayon sakini Məhəmməd Qabil oğlu Heydərovun isə hospitala göndərilməsi təxirə salınıb. Bu gün isə həmin yaralı hərbçi şəhər xəstəxanasında dünyasını dəyişib.