Ölkə 12:24 11.09.2017

Zakir Həsənovun İsrail səfəri hansı məqsədi daşıyır? (ŞƏRH)

"Dünyanın siyasi sferasında proseslərin aktivləşdiyi bir vaxtda Azərbaycan-İsrail münasibətlərində də müsbət inkişaf nəzərə çarpır". 

"Qaynarinfo" xəbər verir ki, bu sözləri müdafiə naziri Zakir Həsənovun uzun illər sonra İsrailə səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, rəsmi Bakı bu yolla İsraildə səfirliyin açılması prosesini də sürətləndirə bilər: 


"Müdafiə naziri Zakir Həsənov Polşadan sonra İsrailə getdi. Bu Azərbaycan-İsrail münasibətləri tarixində yeni səhifədir. İsrailin prezidenti, baş naziri və xarici işlər naziri dəfələrlə Azərbaycanda rəsmi səfərlərdə olublar, ancaq eyni səfərləri Azərbaycan rəsmiləri İsrailə həyata keçirməyiblər. Hətta Heydər Əliyevin hakimiyyəti dövründə mərhum müşavir Vəfa Quluzadə İsrailə gizli səfər etmişdi ki, cənub qonşumuz qıcıqlanmasın.

Azərbaycan İsraildən milyardlarla dollar dəyərində silah və sursat alır, üstəgəl erməni lobbisi son zamanlar iki ölkə arasındakı hərbi əməkdaşlığa kölgə salmaq üçün İsrail mətbuatında saxta faktlara əsaslanan məqalələr yayınlayır. Demək istər-istəməz Azərbaycan rəsmilərindən kimsə İsrailə səfər edib əməkdaşlığın mövcud durumunu və bu prosesə mane olmaq istəyən qüvvələrin qarşısının alınması mövzusunu müzakirə etməli idi. İki ölkə arasında əməkdaşlığın hərbi hissəsi ağır gəldiyindən müdafiə nazirinin səfərinə üstünlük verilib. Bu səfər prezident İlham Əliyevlə razılaşdırılıb. Ən maraqlısı odur ki, İlham Əliyev Astanada İran prezidenti Həsən Ruhani ilə görüşüb onun gələn ay Azərbaycana səfərini müzakirə edərkən, müdafiə nazirini İsrailə göndərdi. Düşünürəm ki, İrandakı mollaların nə deməsindən asılı olmayaraq rəsmi Bakı bu yolla İsraildə səfirliyin açılması prosesini də sürətləndirə bilər. Onsuz da Tehran Azərbaycanla əməkdaşlığın miqyasını azaltmayacaq, bu onun da xeyrinədir, ortada çox böyük regional layihələr var".

Nərmin Həsənli

Qaynarinfo.Az