Ekonomiks 13:06 23.07.2019

Zaminlik öhdəliyi nədir və necə tənzimlənir?

Son bir neçə ildə bank və bank olmayan kredit təşkilatlarının problemli kreditlərinin həcminin artması, bu məsələ ilə bağlı məhkəməyə edilən müraciətlərin sayında xeyli artıma səbəb olub.

Bank və bank olmayan kredit təşkilatlarının borc öhdəliklərini yerinə yetirməməsi ilə bağlı məhkəmələrə müraciəti zamanı qanunvericiliyə uyğun olaraq əsas borclu ilə yanaşı zaminlərin də cavabdeh qismində məhkəməyə göndərilməsi bəzi hallarda zaminlərin haqsız narazılığına səbəb olur. Buna səbəb isə zaminlik müqaviləsi imzalanarkən zamin duran şəxslərin qanun qarşısında öz öhdəliklərin tam dərk etməməsidir.

Bu günə qədər Azərbaycanda 1 milyondan artıq şəxs zaminlik müqaviləsinə imza atıb, lakin hər kəs bu sahədə hüququnu və məsuliyyətini bilirmi?!

EkoNews məsələni Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü vəkil Roman Qaraşov ilə müzakirə edib.



Vəkil bildirib ki, zaminlik müqaviləsinə görə zamin duran şəxs elə bir növ borcludur: "Bir çox hallarda zaminlik müqaviləsi imzalanarkən, zamin duran şəxslər qanun qarşısında öz öhdəliklərini tam dərk etmirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsində zaminliyin birbaşa anlayışı verilib. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yarana biləcək öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət olunmaması müqavilənin etibarsızlığına səbəb ola bilir.

Zaminin məsuliyyətinə gəldikdə isə qanunvericilikdə açıq şəkildə göstərilib ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllədə və ya zaminlik müqaviləsində, zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında məsuliyyət daşıyırlar. 

Bundan əlavə MM-nin 472.2 maddəsində göstərilib ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır".

Roman Qaraşov bu hallar baş verdiyi zaman zaminliyə xitam verildiyini bildirib: "Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminliyə xitam verilməsi ilə bağlı digər hal isə kreditorla razılaşma olmadığı zaman baş verə bilər. Yəni əgər zamin, yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməyibsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirilir. Bu zaman isə həmin şəxsin zaminliyinə xitam verilir.

Zaminlik halına start verilməsi zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığı zaman da verilə bilər. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 

Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, zaminlik müqaviləsinə imza atmaqla adətən birgə borclu qismində çıxış edirsiniz və borclu ödənişləri vaxtında etməzsə, siz ödəməli olursunuz. Bu ödənişlərə həm əsas borc, həm faiz borcu, həm də gecikdirilmiş günlərə görə dəbbə pulu daxildir".

Vəkilin sözlərinə görə, əgər zaminlik müqaviləsi yazılı şəkildə bağlanmayıbsa, əsas müqavilə üzrə borclu dəyişibsə, yaxud, müqavilənin müddəti uzadılıbsa təbii ki, bu halda borc məbləği faizlərlə əlaqədar artmış olur, o cümlədən müqavilə müddətinin bitməsindən 1 il keçibsə və bank sizə qarşı məhkəmədə tələb irəli sürməyibsə, siz zaminlikdən çıxmış sayılırsız. Buna görə sizdən hər hansı ödənişlərin edilməsini tələb etmək qanunsuzdur: "Sadalanan hallar baş verərsə, məhkəməyə müraciət edərək həmin borc öhdəliklərinə görə heç bir məsuliyyət daşımadığınızı sübut edə bilərsiz".

Sonda qeyd etmək istərdik ki, zamin duran şəxs hər an böyük risk daşıcısıdır. Bu səbəbdən mümkün qədər hər hansı şəxsə zamin durmaqdan çəkinin, bu lüzumsuz məhkəmə çəkişmələrinə, maddi və mənəvi zərər çəkmənizə səbəb ola bilər.

Günay İlqarqızı