Ölkə 12:54 09.12.2013

Zaur Qurbanlı anasına məktub yazdı - MƏTN

Həbsdə olan NİDA-çı gənc Zaur Qurbanlı anası Səkinə Qurbanovaya məktub yazıb.

Qaynar.info həmin məktubu təqdim edir.

"Salam,

Qorkinin "Ana"romanını oxudum. Orda da ana sənin kimi oğlunun həqiqətlərini dərk edir, oğlunun yoldaşlarına qoşulur. Zülmlə oxudum bu kitabı .Sənin çəkdiklərini yazıb elə bil...

Bilirsən, yadıma nə düşdü?! Bir multfilm var ee. Uşaqların anası xəstələnir, su istəyir, uşaqların heç biri ona su gətirmir. Onda ana quşa dönüb uçub -gedir. Uşaqlar da quşun arxasınca yıxıla - dura, ağlaya - ağlaya su aparırlar. Hər dəfə o multfilmə baxanda ağlayırdım. Balaca uşaq qaçanda yıxılır, qardaşları onu durquzurlar ee, bax, orasında uşaqlara çox yazığım gəlirdi. Balaca olanda qorxurdum ki, sən də quş olub uçub gedərsən. Ona görə həmişə sənə kömək eləyirdim. Bilirdim e, adam quş olmaz. Ana, mən sənin quş olmağı arzulayacaq vəziyyətə düşməyini istəmirdim. Qaqaş ev işlərini görmürdü. Sənə kömək etmirdi. Həmişə onda fikirləşirdim ki, bəs o bilmir ki, sən uçub gedərsən, ya da uçub getməyi arzulayacaq qədər bezərsən bizdən.

Qorkinin əsərini oxudum. Mən həbsdə olanda sənin elədiklərinə baxdım, əmin oldum ki, bu ana övladından heç vaxt bezməz. O multfilmi çəkənlərdən o vaxt zəhləm gedirdi. İndi zəhləm getmir, baxıram ki, qeyri -reallıqdır. Çünki gözümün qabağında sən varsan. Bu 8 ay ərzində gözüm görə-görə səni azı 8 il qocaltdım. O multfilmə qalsa, sən çoxdan uçub getməliydin. Mən də əlimdə vedrə dalınca qaçardım. Amma sən quş olmadın :) . Mən indin şərəfli işlə təqsirsiz olaraq həbsə düşmüşəm. Amma əminəm ki, adam öldürüb, ağır cinayət işlədib həbs olunsaydım da, sən həmişə mənimlə olardın.

Bu həm sənin bioloji analığından irəli gəlir, həm də yüksək mənəviyyatından. Bu gün kinoya baxıram. Sunami olur, çoxlu adam ölür. Bir qadın oğlu ilə sağ çıxır. Qadın ağır yaralanır. Xəstəxanada çoxlu yaralı olur. Uşaq anasının yanından əl çəkmir.Qadın oğluna deyir ki, get başqalarına kömək elə, burda dayanma. Kinoya baxanda sən yadıma düşdün. Hiss etdim ki, sən də onun kimi davranardın, mənə deyərdin "get başqalarına kömək elə".

Həbsdə illərlə yatmağı gözə ala bilmişəm. Fikirləşirəm ki, hardandır məndə bu qədər psixoloji dözüm?!Baxıram ki,səndən keçib mənə. Mən özünə hörmət etməyən kölə insanlarin əvəzinə, ozümü qurban etmək hesabına olsa da, insanlığa hörmət etməyi qərara almışam. Sən də uşağını kimsəsizlər evinə, küçəyə atan anaların əvəzinə özünü övladlarına qurban etməyi qərara almısan. Biz bir-birimizə ağrılarımızı, yemək zövqlərimizi ötürməklə yanaşı həyat prinsiplərimizi ötürmüşük.Məncə belə olmalıyd.Sən mənə hər şeyi irsən ötürmüsən. Sənj məni 2 dəfə gətirmisən dünyaya :). Ona görə də çox şanslı adamam.Ona görə də səninlə fəxr edirəm. İnsanlara davranış tərbiyə etmək üçün həyatından roman yazılacaq anam var.

Zaur Qurbanli BIT
Indi sizlər mənə cavab verin belə oğuldan ayrı yaşamaq olarmı?!"


Qaynar.info