Ölkə 18:25 10.06.2013

Zaur Qurbanlı haqda vəkilindən ilginc açıqlama

Vəkil Aslan İsmayılov hüquqlarını müdafiə etdiyi gənc məhbus fəal Zaur Qurbanlının həbsdə saxlanmasına münasibət bildirib. 

Qaynar.info xəbər verir ki, vəkil münasibətini Facebook səhifəsində yayıb. A.İsmayılov yazır:

"Son bir həftədir ölkə KİV-ləri hüquqlarını müdafiə etdiyim Zaur Qurbanlının xəstəliyindən yazır. İlk gündən onun xəstəliyi haqqında məlumatlı olsam da bu barədə danışmamağımın səbəbi Zaurun bunu istəməməsi olub. Bu gün də o, azadlığa çıxmaq naminə bu məsələdən istifadə etmək fikrində deyil. 

Hərçənd ki, onun xəstəlikləri ilə qapalı şəraitdə saxlanmasının özü işgəncədir. Onun daim həkim nəzarətində və açıq havada olması həyatda qalması üçün vacib şərtdir. Zaurun Cəza Çəkmə Məntəqəsində də özünü qürurlu, mübariz aparması, orada olan nöqsanlardan yazılı şəkildə CÇM-in rəhbərliyinə müraciətlərindəki inadkarlıq istənilən insanda ona hörmət oyadır.

Bu gün Zaurun işinin istintaqını aparan xüsusilə mühüm işlər üzrə böyük müstəntiq İbrahim Ləmbəranskiyə telefon açıb onun nə vaxta qədər əsir saxlanacağını, niyə həbsindən 3 ay keçməsinə baxmayaraq heç bir istintaq hərəkəti aparılmadığını soruşdum. Müstəntiq sanki Zaur onlara məxsus bir əşyaymış kimi, "nə vaxt uyğun sayacağıq onda da bir hərəkət edəcəyik" dedi. 

O iş üzrə həbs olunmuş gənclərin heç bir suçu olmasa da, bəzilərinin üzünə yalançı şahid, ciblərinə narkotik qoymaqla formal olaraq sübut toplamağa çalışmışlar. Zaurla bağlı isə nə şahid ifadəsi, nə də digər sübut var. Ona görə də Zaurun məhz siyasi fəaliyyətinə görə orada girov saxlandığı fikrindəyəm. Müstəntiqin bilə-bilə xəstə, heç bir günahı olmayan istedadlı, vətənpərvər gəncin həbsdə saxlanması ilə bağlı cavabı mənim kimi heç vaxt içində qəzəb, intiqam hissi olmayan birində də gələcəkdə bu şəxslərdən hər qanunsuzluğun hesabını sormaq fikrini ciddiləşdirdi. Bu gün bütün qanunsuz göstərişləri icra edənlərin bu barədə düşünmələri lazımdır".

Qaynar.info