Dünya 12:42 23.01.2020

Zelenski AB-ni “Brexit”dən sonra Ukraynanı birliyə üzv etməyə çağırdı

Davosdakı Ümumdünya İqtisadi Forumunda Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Avropa İttifaqına üzv olmaq üçün çoxdan gözlənilən əlverişli məqamın yaranmasından danışıb.

Qaynarinfo xəbər verir ki, o, Birləşmiş Krallığın Birlikdən çıxması ilə əlaqədar Ukrayna üçün AB-yə qapıların açıla biləcəyini bildirib.

Zelenski Brüsseli "Brexit”dən (31 yanvar tarixinə planlaşdırılan) sonra bu məsələyə baxmağa çağırıb və eyni zamanda Ukraynaya bərabərhüquqlu oyunçu kimi baxmağın vacibliyini qeyd edib.

"Ölkəmizə münasibət güclü, bərabərhüquqlu oyunçuya, hörmət edilən, yuxarıdan aşağı baxılmayan bir ölkəyə münasibət kimi olacaqmı? Mənə elə gəlir ki, indi çox əlverişli bir məqamdır. Bir böyük ölkə birlikdən çıxır, bəlkə də Ukraynanın daxil olmasının baxtı yetişib?” - UNİAN prezidentdən sitat gətirib.

Bundan əvvəl Zelenski Davosdakı bir forumda Rusiyanın altı il əvvəl ölkənin bir hissəsini "ilhaq etdiyini" deyib və "dünyada hüquq anlayışına yenidən baxmağı" təklif edib.