Ölkə 15:32 06.05.2013

Zeynal Nağdəliyev: "Hamı öz dərsini götürüb"

"Prezidentin bəzi rayon icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı iradlarının həlli istiqamətində bütün lazımı işlər görülür".

Trendin məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib.

Şöbə müdiri deyib ki, artıq bu istiqamətdə narahatlıqlar azalır. Onun sözlərinə görə, bu iradlardan hamı öz dərsini götürüb: "İstər mətbuatda, istərsə də yerlərdə hər hansı narahatçılıq doğuran məqam ortaya çıxarsa, biz dərhal onun həllinə çalışırıq. Nazirlərin və hökumətin digər yüksək vəzifəli şəxslərinin bölgələrdə vətəndaşları qəbul etməsi, onların problemlərinin yerində həlli müsbət nəticələrini verir. Artıq hər kəs də görür ki, problemlərin çoxu yerində həll olunur".

Müxalifətin regionlarda keçirdiyi görüşlərə icazə verilməməsi barədə yayılan məlumatlara da toxunan Zeynal Nağdəliyev deyib: "Müxalifətin regionlarda keçirdiyi görüşlərə icazə verilməməsi haqqında məlumatlı deyiləm. Bu absurd və əsası olmayan informasiyadır".

Qaynar.info