Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın oğlu Ramin Babayev işsizdir.

Qaynarinfo xəbər verir ki, Ramin Babayev modern.az-a açıqlamasında öz işlərindən söz açarkən belə deyib:

"2012-ci ildən 2018-ci ilin aprelinə kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində çalışırdım. Bildiyiniz kimi, həmin komitə bu ilin aprelində lğzv edilib. Komitə ləğv ediləndən bu günə kimi işsizəm. Oturub evimdə dincəlirəm. Düzdür, iş təklifləri gəlir. Hələ ki, ciddi nə isə yoxdur”. 

Qeyd edək ki, 81 yaşlı Z.Xanlarovanın iki oğlu var. Ramin Babayev 43, Ramal Babayev 40 yaşındadır. 

Ramin Babayev 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, 2010-cu ildə BDU-nun Hüquqşünaslıq fakültəsini bitirib. 

Əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb, Səbayel rayonu prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb.
2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru işləyib. 2012-ci ildən 2018-ci ilin aprelinə kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsini icra edib..

Ramin Babayev Azərbaycanın Qırğızıstandakı keçmiş səfiri, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Ağayevin kürəkənidir.