Ölkə 14:53 22.01.2013

Ziya Məmmədov bankını satdı

Azərbaycanın ən iri holdinqlərindən olan ZQAN Holdinq "Bank of Azerbaijan"ın səhm kapitalındakı payının satışını başa çatdırır.

Qaynar.info-nun xəbərinə görə, bu barədə "Trend"ə holdinqin idarə heyətinin sədri Vaqif Həsənov məlumat verib.

Onun sözlərinə görə, "Bank of Azerbaijan" artıq ZQAN Holdingin tərkibinə daxil deyil: "Biz payımızı tərəfdaşımıza, başqa şirkətə satmışıq". 

APA-nın xəbərinə görə, Bankın əsas səhmdarı Holdinqin Direktorlar Şurasının sədri Anar Məmmədov olub. Xatırladaq ki, dəyişikliklərdən öncə bankın 2 fiziki şəxs (Məmmədov A. - 81%, Məmmədov M. - 18%) və bir hüquqi şəxs («NEM Holding» - 1%) səhmdarı olub. Holdinq və bankdan əldə edilən məlumatlara görə, A.Məmmədov bankın səhmdarları sırasından çıxır.

Həmçinin qeyd olunur ki, hazırda «Bank of Azerbaijan»ın  nizamnamə kapitalı 45,3 mln. manat təşkil edir. Ötən ilin sentyabrında bankın əlavə səhm emissiyasının yerləşdirilməsinə başlanılıb. Emissiyanın həcmi 16,5 mln. manat təşkil edir və bunun 11,8 mln. manatlıq hissəsi artıq yerləşdirilib. Emissiyanın tam yerləşdirilməsindən sonra Bankın nizamnamə kapitalının həcmi Mərkəzi Bankın yeni minimal tələbinə - 50 mln. manata çatacaq.

Qeyd edək ki, Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur.