Siyasət 14:07 21.06.2013

Ziyafət Əsgərovdan İran açıqlaması

“Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyəcək”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Kazım Cəlali arasında görüş keçirilib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi vurğulanıb.

 Z.Əsgərov Həsən Ruhaninin İranın yeni prezidenti seçilməsi münasibətilə təbrik edərək, seçkilərin demokratik şəraitdə keçirildiyini və qürurverici olduğunu bildirib: “Ümid edirəm ki, yeni dövrdə də iki ölkə münasibətləri yüksələn xətt üzrə davam edəcək”. 

Z.Əsgərov İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə də toxunub: “Azərbaycan xarici qüvvələrə bu ölkə ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyəcək”.

 K.Cəlali isə öz növbəsində İran və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin genişlənməsini iki xalq və dövlətin xeyrinə adlandırıb: Xarici qüvvələrin iki ölkənin münasibətlərində xələl vurmasına icazə verməmək lazımdır”. 

Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün dəstəklənməsini İranın strategiyasıdır: “Biz hesab edirik ki, xarici qüvvələr Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyillər”.

 Qeyd edək ki, K.Cəlali İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı İcraiyyə Komitəsinin 30-cu iclasında iştirak etmək məqsədilə Bakıya səfər edib.