Gömrükdə intihara cəhd edən sahibkar danışdı:

Gömrükdə intihara cəhd edən sahibkar danışdı: "Guya problem həllini tapacaq" (YENİLƏNİB)

Sahibkar Bakı Baş Gömrük İdarəsinin qarşısında intihara cəhd edib

Xəbər verdiyimiz ki, ötən gün günorta saatlarında sahibkar, "Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadə Bakı Baş Gömrük İdarəsinin qarşısında intihara cəhd edib.

İdarənin əməkdaşları və ərazidəki digər sahibkarlar M.Quluzadənin intihar etməsinin qarşısını alıblar. Hadisə yerinə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, həmçinin, komitənin məsul şəxsləri gəliblər. S. Mehdiyev intihara cəhd edən sahibkarla görüşüb və söz verib ki, problemi gün ərzində həll olunacaq. Daha sonra isə komitə sədri Bakı Baş Gömrük İdarəsində müşavirə keçirib. Əldə olunan məlumata görə, iclasda Səfər Mehdiyevin əmri ilə Bakı Baş Gömrük İdarəsinin bir neçə əməkdaşı işdən uzaqlaşdırılıb.

İntihara cəhd edən sahibkar Mədət Quluzadə Lent.az-a bildirib ki, İran İslam Respublikasından onun ünvanına gələn mallar (3 maşın üzlük plitələri) müəmmalı şəkildə yoxa çıxıb: "Mənə məxsus malları mənimsəyiblər. Bu faktdır. Mənimsəmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı da var. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu işə baxandan sonra qərardad qəbul edib və orada göstərilib ki, Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən 39 697 manat təzminat alınaraq "Ulduz-Elektron” MMC-yə ödənilsin. Bütün məhkəmə instansiyaları mənim xeyrimə qərar çıxarıb. İş icraya yönəldilib. Lakin Dövlət Gömrük Komitəsi təzminatı ödəmir. Onlar istəyir ki, təzminatdan imtina edim. Məni buna məcbur etmək niyyətindədirlər. Mən isə imtina etməyəcəyəm və hər gecikən günə görə əlavə təzminat tələb edirəm".

M. Quluzadə deyib ki, o təzminatdan imtina etmədiyi üçün hazırda gətirdiyi yüklər də gömrük nəzarətindən buraxılmır: "Mən bu gün Bakı Baş Gömrük İdarəsinə getdim ki, mallarımı götürüm. Artıq neçə dəfədir ki, gətirdiyim yüklərimi saxlayırlar, başqa çıxış yolum qalmadığı üçün intihara cəhd etdim. Bu gün də mənə yalan vəd verib sakitləşdirdilər. Guya problem həllini tapacaq. Mənə aid bütün mallara plomb vurub saxlayırlar. Bu işdən əl çəkən deyiləm”.

DGK-nin mətbuat xidmətindən isə bildirilib ki, sahibkarın dedikləri həqiqəti əks etdirmir və yalandır.

07.09.2019
17.42
 
Bir neçə gün öncə Bakı Baş Gömrük İdarəsinin qarşısında insident yaşanıb. 

Qaynarinfo-nun sfera.az-a istinadla verdiyi xəbərə görə, 50 min manat rüsum ödəməsinə baxmayaraq bir aydır ki malını təhvil ala bilməyən iş adamı Mədət Quluzadənin bütün etirazları qulaqardına vurulub. Nə rüsumunu ödədiyi malı, nə də rüsum olaraq ödədiyi 50 min manat pulunu geri ala bilməyən Mədət Quluzadə son çarəni özünü yandırmaqda görüb.

İş adamı bu qorxunc istəyini gerçəkləşdirmək istəyəndə Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ona mane olmağa və intiharçını idarənin binasına salmaqla faciəli sonluğun qarşısını almağa nail olublar.

Sfera.az-ın məlumatına görə hadisədən xəbər tutan DGK sədri Səfər Mehdiyev dərhal hadisə yerinə gəlib. Burada hüquqları pozulmuş sahibkarların təzyiqi ilə qarşılaşan komitə sədri onları inandırmağa çalışıb ki, bir daha bu kimi hallar təkrarlanmayacaq. Səfər Mehdiyev həmçinin ora toplaşanlardan baş vermiş olayın ictimailəşməməsini də xahiş edib. Baş vermiş hadisəyə görə 16 əməkdaşın gömrük orqanlarından xaric edilməsi də daxil olan məlumatlar arasındadır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR