Sənət 16:27 18.06.2014

“... çempionatın finalında oxuyaram” - Baloğlan Əşrəfov

Futbol üzrə 20-ci dünya çempionatının davam etdiyi bir vaxtda müxtəlif məşhurlar oyunlara proqnozlar verir, favoritlərini açıqlayırlar. 

Bəzi məşhurlar isə bir qədər də irəli gedib indidən dünya çempionunun kim olacağıyla bağlı versiyalar irəli sürürlər. AzNews.az saytı da hazırda davam edən mundialla bağlı tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfovun proqnozlarını öyrənib.

- Baloğlan müəllim, dünya çempionatının oyunlarını izləyirsiniz?

-Hə, bütün oyunları izləyirəm. Hətta gecə saat 3-də olan oyunlara da baxıram, səhər də yerimdən dura bilmirəm.

- Ən xoşunuza gələn oyun hansı oldu?

-Çempionatın açılışında Braziliyanın Xorvatiyaya 3:1 hesabı ilə qalib gəldiyi oyun xoşuma gəldi. İranın oyunun çox gözləyirdim, Nigeriya ilə heç-heçə oynadı. İndiyə kimi keçirilən bütün oyunlara baxmışam. Hiss edirəm ki, son 2-3 gündə temp bir az aşağı düşüb, heç-heçələrin sayı artıb.

- İspaniyanın Hollandiyaya 5:1 hesabı ilə biabırçı şəkildə uduzacağına inanardınız?

-İspaniyanın məğlubiyyətini dost-tanışlarıma çoxdan demişdim. Ona görə onları darmadağın da elədilər. 

- Sizcə, niyə belə oldu?

-Artıq bütün rəqiblər İapaniyanın oyunçularının fəndlərindən, taktikalarından xəbərdar idilər. Bir məqamı xüsusi qeyd edim ki, İspaniya üzərində qazanılan qələbədə Aryen Robbenin böyük əziyyəti var. Hər dünya çempionatında bir futbolçu parlayır. Bu il də Robben dünya çempionatının ulduzu ola bilər. Amma gərək onun ikinci oyununa da baxım. Lionel Messi də nisbətən digər oyunçulardan fərqlənir.

- Bəs Portuqaliya niyə Almaniyaya 4:0 uduzdu?

- Alınmayanda alınmır da. Dəqiq nəsə demək olmaz.

-Azarkeşlik etdiyiniz komanda hansıdır?

-İrana və Rusiyaya azarkeşlik edirəm. Amma oyun xüsusiyyətlərinə görə Hollandiyanın oyunu çox xoşuma gəlir.

-Sizcə bu çempionatda Azrəbaycandan daha zəif komandalar var?

-Dünya çempionatında zəif komanda olmur. Onların hər birinin “qab”ında nəsə var. Azərbaycan futbolunun da belə çempionatlarda təmsil olunmasını biz yalnız xəyallarımızda yaşadırıq. Bizim milli komandanın dünya, yaxud Avropa çempionatında iştirakını görməyimə ömrümün çatıb-çatmayacağını deyə bilmərəm. Amma deyə bilərəm ki, Azərbaycan futbolunda çoxlu dəyişikliklər olandan sonra bizim milli də mundiala vəsiqə qazana bilər. Hazırda bu, mümkün deyil. Futbola aid dövlət proqramı təsdiq olunmalıdır. Ümumiyyətlə, möhtərəm prezident hansı sahə üzrə sərəncam imzalayırsa, məmurlar çalışırlar ki, onu icra eləsinlər. Amma nə qədər ki, “get, ay batandan sonra gəl, ay oğlan” məsələsidir, ona görə də çətin ki, nəsə alınsın.

-Sizcə, Azərbaycanda dünya çempionatında oynamağa layiq futbolçular var?

-Bəli. Əfran İsmayılov, Ağabala Ramazanov çox istedadlı oyunçulardır. Ağabalanı bir balaca sistemə qoysalar, çox gözəl oyunçudur. Digər komandalarda da var. Onları tapmaq lazımdır.

-Bir az da yerli çempionatdan danışaq. Bu il hansı komandanın oyununu bəyənmədiniz?

-Deyir sənə güvəndiyim dağlar sənə də qar yağarmış. İndiyə qədər başa düşmürəm ki, “Xəzər Lənkəran” niyə nailiyyət qazana bilmir. Bu, mənim üçün təəccüblüdür. “Neftçi”də nə baş verdiyini bilmirəm. “Qarabağ”ın oyununu isə çox bəyənirəm. İnşallah Avrokuboklarda bütün oyunlarına gedib baxacağam.

-Nə əcəb gedib dünya çempionatının oyunlarına canlı baxmırsız?

-Müğənni adamam, indi bizim sezonumuzdur (gülür).

-Birdən təklif olunsa, mundialın açılışında oxuyasınız…Bəs onda?

-Gedərəm. Niyə getmirəm ki? Bunu təkbaşına edə bilmərəm. Məni rəsmi qaydada qarşılayan olsa, niyə getmərəm? Mən futbol azarkeşiyəm.

-Sizcə bu dünya çempionatında ən zəif çıxış edən komandalar hansılardır?

-Bir komanda ki, 5:1, 4:0 uduzur, onun barəsində yaxşı nəsə demək olar? Həm İspaniya, həm də Portuqaliya mənim üçün zəif komandalardır. 

-Bəs yarımfinala kimlər çıxacaq?

-Braziliya, Hollandiya, Almaniya və Meksika yarımfinalda oynayacaqlar. Meksikanın Braziliya ilə oynadığı oyun çox xoşuma gəldi.

-Bəs finala kim vəsiqə qazanacaq?

-Adını çəkdiyim dörd milli komandanın hər biri çempion ola bilər.