Dünya 13:12 13.09.2018

100 yaşlı azərbaycanlı Varonejin fəxri vətəndaşı seçilib

Böyük Vətən Müharibəsi veteranı olan 100 yaşlı azərbaycanlı Məmməd Mirzəməmməd oğlu Cəbrayılov Varonejin fəxri vətəndaşı seçilib.

Qaynarinfo abireg.ru-ya istinadən xəbər verir ki, o, Varonej Şəhər Dumasının bu gün keçirilən 36-cı qurultayında millət vəkillərinin gizli səsverməsi yolu ilə seçilib.

Qeyd edək ki, Məmməd Cəbrayılov Bakıda doğulub. O, 1936-cı ildə hərbi xidmətə yollanıb və Qara Dəniz donanmasında hərbi xidmət keçib. Tərxis olunmağına 1 gün qalmış 1941-ci il iyunun 22-də Böyük Vətən Müharibəsi başlayıb.

Məmməd Cəbrayılov müharibə illərində Rumıniya, Macarıstan, Avstriya və Slovakiyada döyüşüb, Moskvanın müdafiəsində iştirak edib. Dörd dəfə yaralanıb, iki dəfə isə ağır travma keçirib. O, Praqada müharibəni başa çatdırıb. 1962-ci ildə M.Cəbrayılov Varonejə köçüb və o vaxtdan orada yaşayır.

"Fəxri vətəndaş" sertifikatı ona sentyabrın 15-də baş tutacaq mərasimdə təqdim olunacaq.