Ekonomiks 17:26 14.12.2020

190 manat kimlərə veriləcək? - Ekspert

"Böyük ehtimalla işsiz statusu qüvvədə olmayan vətəndaşalara 190 manat birdəfəlik yardım verilməyəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, bu mexanizm işsizliklə əlaqədar olaraq 190 manatın ödənilməsinə hədəflənib:



"Əmin deyiləm ki, proses tam olaraq real vəziyyəti əks etdirən istiqamətdə davam edəcək. Ayrılan məbləğin həcmi məhduddur və düşünürəm ki, aidiyyatı qurumlar, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prosesi mövcud büdcənin tərkibinə sığışdırmağa çalışacaq. Ola bilsin ki, 190 manat üçün 1 milyon müvafiq statusa uyğun olan insan müraciət etsin. Amma əvvəlki dövrdə olduğu kimi onların əksəriyyətinə müxtəlif, əksər hallarda əsassız səbəblərdən imtina göndərməklə, müvafiq göstəricini həmin büdcəyə sığdırmağa çalışacaqlar".

Rəşad Həsənov hesab edir ki, həm sahibkarlığa, həm mikro sahibkarlığa, həm də vətəndaşlara dəstəklə bağlı mexanizmlər birmənalı şəkildə mükəmməl deyil:

"Yəni, orada hansı mexanizmlər idarə olunur, bu haqda məlumatsızam. Amma bildiyim ondan ibarətdir ki, əksər hallarda pandemiyadan zərərçəkmiş fəaliyyət sahələrinə daxil olmayan sahibkarlar, fərdi subyektlər müvafiq dəstək mexanizmdən istifadə edə bildilər. Hansı ki, faktiki olaraq qanunvericilikdə 100 faiz zərərcəkmiş sahə kimi təsbit olunmuşdu, onlar bu mexanizmdən istifadə edə bilmir. Görünən odur ki, sistem dolaşıqdır, problemlər var".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov mətbuata açıqlamasında 600 min şəxsə 190 manat yardım ediləcəyini qeyd edib: "Karantin rejimindəki məhdudlaşma ilə bağlı iqtisadi fəallıq aşağı düşdüyünə görə, daha öncə 190 manat birdəfəlik yardım üçün müraciət edən vətəndaşlar arasında Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara və qaydalara uyğun olaraq elektron araşdırma aparılacaq. Bu dövr ərzində işsiz statusu qüvvədə olan və əmək müqaviləsi ilə işə götürülməyən şəxslərə yenidən 190 manat ödəniləcək. Birdəfəlik ödəmə ediləcək şəxslərin sayı hazırda 600 min nəfərdir, ancaq bu arta da bilər, azala da”.

Bahar Rüstəmli