Dünya 12:57 05.08.2020

20 il əvvəl Beyrutda olan azərbaycanlı jurnalist Livandakı partlayışdan danışdı

"Beyrutdakı partlayışı istənilən qruplaşma həyata keçirə bilərdi”.

Qaynarinfo xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Livanın Beyrut limanında baş verən partlayışdan danışarkən deyib. Politoloq Livanın çox qarışıq ölkə olduğunu deyib:

"20 il əvvəl jurnalist kimi Beyrutda müxtəlif siyasətçi və etnik qrup təmsilçiləri ilə görüşmüş, onlardan müsahibələr almışdım. Yaxşı yadımdadır, Livanın baş naziri Xəriri "Ermənistanla əlaqələrə nədən bu qədər önəm verirsiniz” sualım qarşılığında demişdi ki, Azərbaycanla əlaqələrə daha çox üstünlük verirlər. Ancaq Livanın siyasətində bunun belə olmadığını o zaman və indi də müşahidə etmək mümkündür. Bir neçə il sonra Xəririni terror aktı nəticəsində qətlə yetirdilər. İndiyənə qədər qətlin üstü tam açılmayıb, müxtəlif versiyalar səslənir”.

Elxan Şahinoğlu bildirib ki, bu ölkədə kifayət qədər silahlı qruplar var və illər uzunu bir-birləriylə mübarizə aparıblar: 

"Onlar sonradan bu mübarizəni sivil formaya – parlament divarları arasına keçirməyə çalışsalar da, müxtəlif məzhəb qrupları arasındakı ixtilaflar bu gün də qalmaqdadır. Bunun üstünə bölgənin müxtəlif dövlətlərinin Livanda kəsişən maraqlarını bu ölkədəki fərqli qruplar üzərindən həyata keçirdiyini də əlavə etmək lazımdır. Ona görə Beyrutdakı partlayışı istənilən qruplaşma həyata keçirə bilərdi”.

Bahar Rüstəmli