Ekonomiks 16:00 19.01.2022

2014-cü ildə dünyada baş verən neft şoku göstərir ki... - İqtisadçı deputat

"Neftin dünya bazar qiymətinin yüksəlməsi enerji istehsalçısı və ixracatçısı olan Azərbaycanın dövlət gəlirlərinin, eləcə də valyuta ehtiyyatlarının artması baxımından vacib hesab olunur”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan neftinin qiymətinin qalxamsından danışarkən deyib. Deputat bildirib ki, neft ölkələri üçün dünya bazarında qara qızılın qiyməti valyuta gəlirləri baxımından çox vacibdir:

"Neftin dünya bazar qiymətinin yüksək olması ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır. Bu isə eyni zamanda dövlət üçün xərcləmələr baxımından da vacibdir. Xüsusən də fiskal gəlirlərin formalaşmasına imkan yaradır. Bu baxımdan təbii ki, Azərbaycan da digər neft ölkələri kimi neft bazarında stabillikdə və qiymətin məqbul səviyyədə qalmasında maraqlı olan ölkələrdəndir. Amma təbii ki, neftin dünya bazar qiyməti həm istehsalçı, hən də idxalçı, yəni istehlakçı ölkələr üçün məqbul səviyyədə olmalıdır. Çünki 2014-cü ildə dünyada baş verən neft şoku göstərir ki, neftin dünya bazar qiymətində kəskin artımlar bir sıra hallarda, hətta əvvəlki illlərdə də, ötən əsrdə də bu müşahidə olunmuşdu yenidən neftin qiymətində kəskin azalmalarla müahidə olunur ki, bu da neft ölkələrin gəlirliyinə təsir göstərir. Ona görə də Azərbaycan neftinin dünya bazar qiymətinin, yəni həm istehsalçı, həm istehlakçı üçün məqbul səviyyədə olmasında maraqlı olan ölkələrdəndir”. 

Vüqar Bayramov vurğulayıb ki, kəskin qiymətlər növbəti mərhələdə neft bazarında volatilliyi sıçrayışların artmasına gətirib çıxarda bilər:

"Ona görə stabillik daha vacibdir. İndiki halda əslində qiymətləndirmələr göstərir ki, neftin bir barelinin qiymətinin 80-90 dollar intervalında dəyişməsi məqbul qiymət hesab olunur. Xüsusən 80 dollar istehsalçı və istehlakçı üçün mövcud iqtisadi reallıqlar baxımından məqbul qiymətdir. Bu baxımdan neftin qiymətinin stabilləşməsi bütün hallarda ölkəmizin valyuta gəlirlərinin artmasına gətirib çıxardacaq. Amma neft ölkələri də praktik olaraq o cümlədən OPEK+ çalışmalıdır ki, bazarda kəskin artımlar nəticəsində volatillik yaranmasın. Çünki belə kəskin artımlar növbəti mərhələdə neft bazarında yenidən şokların yaşanmasına gətirib çıxara bilər”.  

Qeyd edək ki, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,72 ABŞ dolları və ya 0,8% artaraq 90,56 dollar təşkil edib.

Bahar Rüstəmli